Bakıda qoruyucu maskaların qiyməti 10-15 qəpiyə salındı
14 noyabr 2009 14:00 (UTC +04:00)

Bakıda qoruyucu maskaların qiyməti 10-15 qəpiyə salındı

Nazirliklərin gördüyü tədbirlər nəticə verir

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə qoruyucu maskalara (respiratorlara) tələbatın artması ilə əlaqədar bu malların süni qıtlığının yaradılması və qiymətin şişirdilməsi hallarının qarşısının alınması məqsədilə yoxlamaları davam etdirir. Bu barədə Lent.az-a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yoxlamalar zamanı bir sıra apteklərdə qoruyucu maskaların qiymətinin şişirdilməsi hallarına rast gəlinib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb.

Artıq görülən işlər öz nəticəsini verməkdədir. Belə ki, bu gün aparılmış monitorinqlər zamanı apteklərdə satışda kifayət qədər qoruyucu maskaların olduğu və bir ədəd respiratorun 10-15 qəpiyə satıldığı müəyyən edilib.

Bununla belə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti qoruyucu maskalar alarkən qiymət şişirdilməsi halları ilə rastlaşdıqda vətəndaşlara Dövlət Xidmətinə məlumat verməyi tövsiyə edir. Əlaqə telefonu: (012) 433-63-52.

Pərvin ABBASOV
# 411

Oxşar yazılar