Səlim Müslümov bankomatlarda pulların gecikdirilməsinə aydınlıq gətirdi
13 noyabr 2009 17:30 (UTC +04:00)

Səlim Müslümov bankomatlarda pulların gecikdirilməsinə aydınlıq gətirdi

“Gecikmələr yalnız texniki səbəblərdən ola bilər”

Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirələri başa çatıb. Lent.az-ın parlamentin iclasını işıqlandıran əməkdaşının verdiyi məlumata görə, DSMF sədri Səlim Müslümov deputatların səsləndirdiyi fikirlərə münasibət açıqlayıb.

O, bankomatlara pul vəsaitinin gecikdirilməsinə toxunaraq DSMF-nin bununla bağlı monitorinq apardığını deyib. S.Müslümovun sözlərinə görə, gecikmələr yalnız texniki səbəblərdən ola bilər.

S.Müslümov “Özəl pensiya fondları haqqında” qanun layihəsi hazırladıqlarını, bunu müvafiq icra hakimiyyəti orqanına təqdim etdiklərini bildirib.

DSMF sədri hər doğulan uşağa görə birdəfəlik yardımın verilməsi barədə də deputatlardan birinin dediklərinə münasibət açıqlayıb. Onun sözlərinə görə, bu yardım 2010-cu il üçün 50 manatdan 75 manata çatdırılıb: “98-99% hallarda insanlar bu kompensasiyanı alır”.

Bununla da “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb.

Hazırda millət vəkilləri digər qanun layihələrini müzakirə edir.

Pərvin ABBASOV
# 410

Oxşar yazılar