Bu il 51 texnikuma tələbə qəbulu aparılacaq
07 avqust 2009 19:45 (UTC +04:00)

Bu il 51 texnikuma tələbə qəbulu aparılacaq

Hər bir abituriyent təhsil forması ödənişsiz və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər

Orta ixtisas məktəblərinə qəbul tələbə qəbulu 3 ixtisas qrupu üzrə aparılacaq. I ixtisas qrupunun ixtisaslarını (texniki, iqtisad, hüquq, pedaqoji ixtisaslar və xüsusi qabiliyyət tələb edən dizayn və bədən tərbiyəsi ixtisasları) ali məktəblərin bütün ixtisas qrupları üzrə imtahan verən abituriyentlər seçə bilərlər. II ixtisas qrupunu (kimya-texnoloji və tibb ixtisasları) ali məktəblərin I və IV ixtisas qrupları üzrə imtahan verən abituriyentlər, III qrup ixtisaslarını isə (humanitar ixtisaslar və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları) ali məktəblərin III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər seçməlidirlər.

Lent.az-ın məlumatına görə, bu barədə tələbə qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, orta (11 illik) təhsil bazasından texnikumlara qəbulda ali məktəblərin müvafiq ixtisas qruplarının ümumi balı 50-dən az olmayan abituriyentləri iştirak edə bilər. Xarici dil ixtisaslarının müsabiqəsinə müvafiq xarici dil fənni üzrə nisbi balı 5-dən az olmayan abituriyentlər buraxılır.

TQDK sədri deyib ki, texnikumların xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.

Xatırladaq ki, bu il orta təhsil bazasından (11 illik) 50 dövlət, 1 özəl orta ixtisas məktəbinə ayrılan plan yerlərinin sayı 6614-dür. Onlardan 2978-i ödənişsiz, 3636-sı isə ödənişli ixtisasların payına düşür. Azərbaycan bölməsi üzrə 5598, rus bölməsi üzrə 216, birgə müsabiqə üzrə 800 plan yeri ayrılıb. Məleykə Abbaszadə bildirib ki, bu il abituriyentlər ixtisas seçimi mərhələsində orta ixtisas məktəblərinin təhsil forması ödənişsiz və ödənişli olan 12-dək ixtisas kodunu seçə bilər. Bu zaman iddiaçılar seçdikləri ixtisasları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni “ödəmə kartı”nı almalı və onun şifrindən istifadə etməlidir.

Elxan SALAHOV
# 5640

Oxşar yazılar