Brakonyerlər təbiətə 18234 manat ziyan vurublar
23 iyul 2009 19:00 (UTC +04:00)

Brakonyerlər təbiətə 18234 manat ziyan vurublar

275 akt, 85 inzibati xətalar haqqında protokol tərtib olunub


2009-cu ilin ilk 6 ayı ərzində ölkənin mühafizə olunan təbiət ərazilərində aşkarlanan qanun pozuntu faktları ilə əlaqədar 275 akt, 85 inzibati xəta haqqında protokol tərtib olunub.

Bu barədə Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət əraziləri departamentinin direktoru Vaqif Cavadov məlumat verib.

12 iş aidiyyəti üzrə rayon məhkəmələrinə, 4 iş prokurorluğa və polis orqanlarına təqdim olunub. 259 iş üzrə dəymiş ziyan və cərimələrin təqsirkarlar tərəfindən məcburi qaydada ödənməsini təmin etmək üçün həmin işlər məhkəmə nəzarətçilərinə göndərilib.

Vaqif Cavadov bildirib ki, 6 aylıq dövrdə tərtib olunmuş akt və protokollar əsasında təbiətə 18 min 234 manat ziyan dəyməsi müəyyən olunub. Qaldırılmış iddia və cərimələrin ümumi məbləği isə 48 min 116 manatdır.

Qeyd edək ki, Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 847 min 376 hektardır və ölkə ərazisinin 10 faizə qədərini təşkil edir. Respublikada 8 milli park, 12 dövlət təbiət qoruğu və 23 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılana qədər xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 5 faizini təşkil edib.

Ramiz
# 497

Oxşar yazılar