Rektorlar ABU-nun bağlanmasına necə baxır? – SORĞU
07 sentyabr 2010 19:40 (UTC +04:00)

Rektorlar ABU-nun bağlanmasına necə baxır? – SORĞU

Daha doğrusu, nazirliyinin Lisenziya Komissiyası məsələ ilə bağlı araşdırma apardıqdan sonra lisenziyanın müddətinin uzadılmaması barədə qərar verib. Səbəb kimi isə məktəbin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlardır.

Lent.az bir neçə özəl və dövlət ali məktəblərin rektorları ilə əlaqə saxlayaraq onların bu barədə fikirlərini öyrənib. Beləliklə, ali məktəb rəhbərlərinin ABU-nun bağlanmasına dair fikirlərini təqdim edirik:

Səməd Seyidov, Azərbaycan Dillər Universitetinin rektoru:

- Mən Azərbaycan Beynəlxalq Universitetinin lisenziyasının müddətinin uzadılmamasına normal yanaşıram. Çünki Azərbaycan təhsilində keyfiyyət məntiqli olaraq kəmiyyəti əvəz edir. Bu nöqteyi-nəzərdən Təhsil Nazirliyi tərəfindən verilən qərar məntiqlidir. Əminəm ki, bu, Azərbaycan təhsil sistemini daha da normal və müasir standartlara uyğun səviyyəyə gətirib çıxarmalıdır. Ümumiyyətlə, biz birdəfəlik dərk etməliyik ki, təhsildə keyfiyyətsizlik və təhsilə biganəlik, tədris prosesinə barmaqarası baxış aradan götürülməlidir. Bunun fərqi yoxdur, özəl, yaxud da dövlət ali məktəbi bu meyarlara cavab verməlidir. Cavab verməyən ali məktəb bağlanmalıdır, yaxud da başqa bir formaya keçməlidir - bütün dünyada belədir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ABU ilə bağlı verilən qərar ümumi proseslərə müsbət və inkişafedici təkan verəcək.

Ahmet Sanıç, Qafqaz Universitetinin rektoru:

- Mən ABU-nun bağlanmasına səbəb olan məsələləri barədə ümumi məlumatlara malikəm. Yəni mən də bu məsələləri sizin bildiyiniz qədər bilirəm. Amma təhsil çox ciddi bir sahədir, bunu unutmamaq lazımdır. Təhsilin milli tələbləri var və bu tələblər mütləq yerinə yetirilməlidir. Mənim qənaətim budur ki, hər bir universitet dövlətin qoyduğu qaydalara və tələblərə əməl etməlidir.

Əhməd Vəliyev, “Odlar Yurdu” Universitetinin rektoru:

- Hər bir ali təhsil müəssisəsinə dövlət tərəfindən fəaliyyət göstərmək üçün müddətli razılıq verilir. O müddət başa çatandan sonra təhsil Nazirliyinin lisenziya və akkreditasiya şöbəsində yaradılan komissiya lisenziyanın müddətinin uzadılması ilə bağlı araşdırma aparır. Kim dövlətin standartlarını, qaydaları pozursa, təbii ki, lisenziyanın müddətinin uzadılması dayandırılır. Bu yaxınlarda Azərbaycan Beynəlxalq Universiteti kimi, bizim də universitetin lisenziyası başa çatmışdı. Təhsil Nazirliyinin müvafiq komissiyası gəlib yoxladı - harada nöqsan varmı-yoxmu, dövlətin standartları pozulub, ya pozulmayıb – bunların hamısı araşdırdıqdan sonra bizim universitetin lisenziyasının vaxtını uzatdılar. Ancaq görünür, Azərbaycan Beynəlxalq Universitetində nöqsanlar olub ki, Təhsil Nazirliyi tərəfindən onun lisenziyasının müddətinin uzadılması dayandırılıb. Buna qərəzli, məqsədli bir proses kimi baxmaq lazım deyil, sadəcə dövlətin qoyduğu standarta əməl etmək vacibdir. Xüsusən də təhsil sahəsində.

Hamlet İsaxanlı, Xəzər Universitetinin rektoru:

- Universitetlərlə bağlı bu problem ilk dəfə deyil, indiyədək bir neçə universitetdə belə məsələlər ortaya çıxıb. Hələ bir neçə il əvvəl bəzi özəl universitetlərin lisenziya müddəti uzadılmadı. Azərbaycan Beynəlxalq Universiteti ətrafında isə bu söhbətlər təxminən 3-4 ildir gedir. Yəni hökumətin komissiyaları gedib orada yoxlamalar aparıb və sonda belə qərara gəliblər ki, lisenziyanın müddətini artırmasınlar. Bu, o deməkdir ki, həmin universitet artıq bağlanır. Mən bu məsələdə hansısa subyektiv amillərin, hansısa qərəzin olduğunu düşünmürəm. İndi istər özəl, istərsə də dövlət universitetlərinin bir çoxunun nöqsanları var. Bunu hamı bilir və heç kəsin da şübhəsi yoxdur. Təhsil Nazirliyindəki müvafiq komissiya isə zaman-zaman o nöqsanları müzakirə edir, bəzən bir qədər gözləyirlər ki, nöqsanlar tədricən aradan qaldırılacaq. Amma ABU-nun lisenziyasının uzadılmaması mənim üçün təəccüblü olmadı. Çünki bu universitetdəki problemlər çox müzakirələr olundu, bir neçə dəfə xəbərdarlıqlar edildi. Görünür, qüsurların aradan qaldırılmaması nəticə etibarilə təhsil müəssisəsinin fəaliyyətinin dayanmasına gətirib çıxardı. Bu halda heç kim deyə bilməz ki, Təhsil Nazirliyinin ABU barədə qərarı yüz faiz ədalətlidir, ya ədalətsizdir. Amma gözlənilən bir şey oldu, çünki xeyli vaxt idi müxtəlif dairələrdə söz-söhbətlər gəzirdi. Sadəcə, ABU barədə yekun qərar və prosesin özü uzun çəkdi.

Elxan SALAHOV
# 902

Oxşar yazılar