Olimpiada qaliblərinin ali təhsilə marağı aşağıdır
04 iyun 2010 13:45 (UTC +04:00)

Olimpiada qaliblərinin ali təhsilə marağı aşağıdır

İmtahan vermədən tələbə olmaq istəyənlərdən indiyədək cəmi 22 nəfəri qeydiyyatdan keçib

“Ali məktəblərə imtahansız daxil olmaq hüququ olan abituriyentlərdən yalnız 22 nəfəri qeydiyyatdan keçib. Bunların hamısı idman sahəsində nailiyyətləri olan abituriyentlərdir. Digər sahələr üzrə beynəlxalq olimpiada və müsabiqələrin qaliblərindən isə bir nəfər də olsun, qeydiyyatdan keçməyib”.

Lent.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəhbəri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O, qeyd edib ki, TQDK bir mədəniyyət və incəsənət sahəsində beynəlxalq müsabiqələrin qaliblərinin sayını öyrənmək üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Nazirliyin cavabında bu sahədə 35 müsabiqə və festivalın keçirildiyi bildirilib: “Amma bu müsabiqələrin qaliblərindən heç kim imtahan vermədən ali məktəbə daxil olmaq üçün bizə müraciət etməyib. Düzdür, hələ vaxta var, amma olimpiada və müsabiqələrin qaliblərinin bu ali məktəblərə marağının yüksək olmadığı görünür”.

Məleykə Abbaszadə bildirib ki, ali məktəblərə müvafiq ixtisaslar üzrə müsabiqədənkənar qəbul olunmaq hüququna malik şəxslər idman sahəsində Olimpiya, Dünya və Avropa çempionatlarının (gənclər və yaşlılar arasında) qalibləri, təhsil sahəsində dünya fənn olimpiadalarının qalibləri, musiqi və incəsənət sahəsində dünya və beynəlxalq müsabiqələrin qalibləri müvafiq nailiyyətləri təsdiq edən sənədlərin əslini və surətini təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Elxan SALAHOV
# 411

Oxşar yazılar