Qeydiyyatdan keçməyən QHT-lər Azay Quliyevlə görüşüblər
08 aprel 2010 17:00 (UTC +04:00)

Qeydiyyatdan keçməyən QHT-lər Azay Quliyevlə görüşüblər

QHT-lərin normal fəaliyyətini təmin etmək məqsədi ilə dövlət tərəfindən İctimai Binalar tikilməsi təklif olunub

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) və onun təşəbbüsü ilə yaradılan Qeydiyyatından İmtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin üzvləri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşüb.

Lent.az-ın məlumatına görə, görüşdə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) və onun təşəbbüsü ilə yaradılan Qeydiyyatından İmtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin 20-dən artıq üzvü iştirak edib. İştirakçılar arasında VCDK-nın Şura əlaqələndiricisi Razi Nurullayev, Şura üzvləri Oqtay Gülalıyev, Rufiz Qonaqov, Eyub Hüseynov, VCDK üzvü İlqar Hüseynli və digərləri olublar.

Görüşün birinci hissəsində Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatından imtina olunan QHT-lərin problemləri, ikinci hissəsində isə vətəndaş cəmiyyətinin digər problemləri müzakirə edilib.

Azay Quliyev bildirib ki, Şura yarandığı gündən QHT-lərlə sıx əməkdaşlıq edir və onların problemlərinin həlli yönümündə fəaliyyət göstərib. O, Azərbaycanda 3-cü sektorun inkişafı istiqamətində hökumətin son illər gördüyü işlərdən danışaraq bir sıra QHT-lərin üzləşdiyi qeydiyyat probleminin dövlət siyasətinin tərkib hissəsi olmadığını vurğulayıb.

VCDK-nın Şura üzvü, Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) həmsədri Oqtay Gülalıyev Qeydiyyatından İmtina Olunan QHT- lərin Əlaqələndirmə Şəbəkəsinin yaranma zərurəti və fəaliyyəti barədə danışıb: “Bizim 2 yolumuz qalıb; QHT Dövlət Dəstək Şurasının dəstəyinə arxalanmaq, ya da Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək. Biz birincini seçdik və ona görə sizinlə görüşürük”

Digər QHT-lərin rəhbərləri də qeydiyyat problemindən danışıblar və problemin həlli ilə bağlı dövlətin QHT- lərlə bağlı siyasətini həyata keçirən qurum olaraq QHT Dövlət Dəstək Şurasından dəstək gözlədiklərini bildiriblər.

Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) koordinatoru Razi Nurullayev vətəndaş cəmiyyətinin problemlərinin QHT-lərin qeydiyyatından imtina olunması ilə bitmədiyini söyləyib. O, VCDK tərəfindən irəli sürülən aşağıdakı təklifləri QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin nəzərinə çatdırıb və bu məsələlərin həllində Şuranın yardımçı olmasını istəyib.

- QHT-lərin normal fəaliyyətini təmin etmək məqsədi ilə dövlət tərəfindən İctimai Binalar tikilsin. Bu məqsədlə maliyyə vəsaitinin ayrılması üçün Azərbaycan Respublikasının Prezidentinə təklif verilsin ki, 2010-cu il dövlət büdcəsində prezidentin ehtiyat fondunda lazımi vəsait ayrılsın.

- QHT-lərin regionlarda keçirdikləri tədbirlərə yerli icra orqanlarının və polisin müdaxiləsi aradan qaldırılsın.

- QHT-lərin qeydiyyata alınması qaydaları mövcud vahid pəncərə sisteminə inteqrasiya edilsin.

- Beynəlxalq təcrübəyə istinad edərək QHT-lərin institusional dəstəyi və QHT-lərə Dövlət Dəstək Şurasının həyata keçirilən qrant müsabiqələrinin maliyyə həcmi artırılsın.

Azərbaycan dövlətinin vətəndaş cəmiyyətinin inkişafı, QHT-lərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi üçün atdığı addımlardan, yürüdülən siyasətdən danışan Azay Quliyev qaldırılan problemlərin həlli yönümündə çalışacağını görüş iştirakçılarının nəzərinə çatdırıb.

Sonda Qeydiyyatından İmtina olunan QHT- lərin Əlaqələndirmə Şəbəkəsinə daxil olan qeydiyyatsız fəaliyyət göstərən 35 təşkilat haqqında məlumatlar toplusu Azay Quliyevə təqdim olunub.
# 756

Oxşar yazılar