Elçin Behbudov: “Prokurorluq xülyası Çingiz Qənizadənin ağlından çıxmayıb”
08 aprel 2010 12:00 (UTC +04:00)

Elçin Behbudov: “Prokurorluq xülyası Çingiz Qənizadənin ağlından çıxmayıb”

Çingiz Qənizadə: “Elçin Behbudov kimdir ki...”

Hüquq müdafiəçiləri Çingiz Qənizadə ilə Elçin Behbudov arasında qalmaqal böyüyür. Ç.Qənizadə E.Behbudovu yeni faktları açıqlamaqla hədələyib.

Ancaq Ç.Qənizadə Lent.az-a açıqlamasında Elçin Behbudovu hədələmədiyini söyləyib: “O, kimdir ki, onu hədələyim. Mənim əlimdə yetərincə faktlar var. Elçin Behbudov qeyri-ciddi bəyanatlar versə, hüquq müdafiəçisi adına ləkə gətirən hərəkətlərini davam etdirsə, yaxın zamanlarda ondan şikayət edən şəxslərin iştirakı ilə mətbuata açıqlama verəcəyəm. Elçin Behbudov özü bilir söhbət nədən gedir. Əgər özündən belə müştəbehdirsə, bunu lap tezləşdirəcəyəm”.


Ç.Qənizadə E.Behbudovun hüquqi savadı olmadığını da söyləyib: “Belə hesab edirəm ki, hüquq müdafiəçisi obyektivliyi heç bir zaman pozmamalıdır. Məsələlərə emosional yanaşmamalıdır. Dəqiqləşdirilməmiş məlumatları mətbuata çıxartmamalıdır. Yalan məlumatları ictimaiyyətə ötürməməlidir. Bu birinci dəfə deyil ki, Elçin Behbudov qeyri-ciddi məlumatları mətbuata ötürür. Mən Elçin Behbudovu dialoqa dəvət edirəm. Gəlsin, üzbəüz oturaq. Görək, 3 hüququ cümləni ardıcıllıqla deyə biləcək”.

Ç.Qənizadə E. Behbudovun heç bir beynəlxalq təşkilatın eksperti olmadığını söyləyib: “Beynəlxalq təşkilatların eksperti kimi hansısa bir sənədi ortaya çıxartsa, mən bu sözə görə, ondan üzr istəyə bilərəm”.

E.Behbudov isə Lent.az açıqlamasında Ç.Qənizadənin söylədiklərini cəfəngiyat adlandırıb: “Çingiz Qənizadədi, Qəniyevdi bilmirəm, onun əlində mənimlə bağlı heç bir fakt ola bilməz. Əgər onun əlində mənə aid nəsə bir fakt varsa, qoysun ortaya. Mənim də əlimdə ona aid faktlar var”.
E.Behbudov Ç.Qənizadənin onun özünü yalandan ATƏT-in işgəncələr üzrə eksperti kimi göstərdiyi fikrinə də münasibət bildirib: “Əgər mənim əlimdə elə bir sənəd olmasaydı, ATƏT buna reaksiya verərdi. Əgər mən bunu mətbuata deyirəm, demək ekspertiyəm. Mən ATƏT-in saxlanma yerləri üzrə ekspertiyəm. 2009-cu ildən mən beynəlxalq ekspert statusu da almışam. Əlimdə sənədim də var. Nə vaxt istəsə, göstərə bilərəm”.

E.Behbudov Ç.Qənizadə ilə arasında olan problemin özü tərəfindən yaradılmadığını söyləyib: “Bu problemi Çingiz Qənizadə yaradıb. Mən bircə dəfə də olsun, onun adını heç yerdə hallandırmamışam. Birinci o, ağzına gələni danışdı, sonra da mən məcbur olub onun səsləndirdiyi fikirlərə münasibət bildirmişəm. Çingiz Qənizadə getsin, öz işi ilə məşğul olsun. Deyəsən, prokurorluq xülyası onun ağlından çıxmayıb. Yenə başlayıb, onu-bunu ittiham eləməyə”.


Fərid Əkbərov
# 670

Oxşar yazılar