Yağışdan çıxdıq, Zabrata düşdük
05 aprel 2010 20:00 (UTC +04:00)

Yağışdan çıxdıq, Zabrata düşdük

Kanalizasiyasız Zabrat sular altında qalıb

Yaz yağışı Zabrat qəsəbəsini qışa qaytarıb. Lent.az xəbər verir ki, aprelin 4-ü Bakıya yağan yağış axşam saatlarından etibarən qəsəbənin yollarını və bəzi məhəllələri sular altında qoyub.

Yollarda hərəkət edən avtomobillər qapılarına qədər suya batır, bəzən isə bu su maşınların içinə sızır. Sakinlər küçələrdə hərəkət etməyə çətinlik çəkir, ya suya ya palçığa düşürlər.

Kanala gedən kanalizasiya işləmir

Yağış suyunun Zabratda çəkilməməyinin səbəbi bu qəsəbədə kanalizasiya sisteminin işləməməyidir. Zabrat qəsəbə bələdiyyəsinin sədr müavini Hikmət Alıyev kanalizasiya sistemində yenilənmə prosesinin getdiyini, buna görə də, işləmədiyini bildirib.

“Zabrat kanalizasiyasının mərkəzi nasoslama sistemi artıq bərpa olunub. Ancaq, ətraf xətlər hələ ki, qoşulmayıb” deyə Hikmət Alıyev Lent.az-a söyləyib.

Bələdiyyə rəsmisi kanalizasiya sistemlərinin yenilənməsinin Regionların İnkişaf Proqramına əsasən aparıldığını bildirib. H. Alıyev proqrama əsasən, yeniləmə ilə məşğul olmalı qurumun “Azərsu” Səhmdar Cəmiyyəti olduğunu söyləyib.

“Azərsu”-ya 20 dəfədən çox zəng etsək də bu qurumdan məsələ ilə bağlı məlumat verilmədi.

Öz cibindən 5 su maşını

Zabrat bələdiyyəsinin sədr müavini Hikmət Alıyev problemin həlli üçün yığılan suyu su maşınları ilə yaxınlıqdakı kanala axıtdıqlarını bildirib. Səhər saatlarından günortayadək 5 maşın su daşıtdıqlarını söyləyən H. Alıyev bələdiyyənin büdcəsində pul olmadığı üçün heç bir iş görə bilmədiklərini də bildirib: “Bu 5 maşını da bələdiyyənin büdcəsi ilə yox, öz cibimizdən ayırdığımız pulla tutmuşuq. Maşının biri suyu 20 manata aparır”.

Vüqar Baba
# 2067

Oxşar yazılar