Sən kimsən, kamikaze? – II yazı
05 aprel 2010 16:30 (UTC +04:00)

Sən kimsən, kamikaze? – II yazı

Şərqin əsrarəngiz silahı, ölümü silah bilən bəşər, bəşərə ölüm dərsi verən fədai...

…Şərti olaraq kamikadze adlandırdığım bu hadisəyə insanlığın vəhşi üzü, bəşəriyyətə yad meyl kimi baxmağın tərəfdarı deyiləm. İnanın, ən azından bu cümlələri yazıb başa çatdırana qədər mən də özümdə ölümə hazırlaşan samuray kimi ərdəmlik duydum. Elə bil yazı yazmıram, torpedoya oturub özümü hansısa düşmən gəmisinə çırpmağa gedirəm… Və hiss edirəm ki, artistlik eləmirəm…

(Əvvəli: http://www.lent.az/news.php?id=26560)

“Kitayski mal”, yaxud yaponların “Tanrı küləyi”
Çingizxanın nəvəsi Xubilay Xan 1281-ci ildə monqolların çoxdankı arzusunu yerinə yetirmək ərəfəsindəydi. “Səhrada qum dənələri sayında” monqol döyüşçülərinin Yaponiya sahillərinə yaxınlaşması kifayətiydi ki, ölkə fəth edilsin. Ancaq son məqamda – Gündoğan ölkənin torpaqları görünəndə hardansa qalxan qasırğa monqol gəmilərini dəryada qərq elədi. Əsrlər ötəndən sonra isə məlum olur ki, qasırğa olmasaydı belə bu gəmilər batacaqmış. Xəta çinlilərin yaponlar üçün düzəltdikləri saxta gəmilərdəymiş. Belə ki, monqollar çinlilələrə onları Yaponiya sahillərinə daşımaq üçün yüzlərlə gəmi sifariş eləyirlər və bunun üçün qısa vaxt qoyurlar. Çinlilər belə qısa vaxtda etibarlı gəmi düzəltməyin mümkün olmadığını bildiklərindən, bugünkü dilnən desək, “kitayski mal”la Xubilayın başını aldadırlar və nəticədə bütün gəmilər suda qərq olur. Ancaq nə edəsən, tarixdə bu fakt deyil, gəmilərin batmasının yapon versiyası daha çox səslənir. Guya, monqol gəmilərini “ilahi külək”, yaxud “Tanrı küləyi” adında qasırğa batırıb. Yapon dilində “ilahi külək”, yaxud “Tanrı küləyi” isə belə səslənir: KAMİKAZE!
Kim daha tez öləcək?
XX əsrin ikinci yarısından başlayaraq bu termin Sakit Okeanda aparılan döyüş əməliyyatları zamanı yenidən işlənməyə başlandı. “Kamikaze” yalnız təyyarəçiləri deyil, ölümə könüllü gedən bütün döyüşçüləri ehtiva eləyən “teysintay”ın bir hissəsidir. Klassik özünüfəda, hər hansı amal, ideya naminə özünü qurbanvermə İkinci Dünya Müharibəsinin son illərində inkişaf eləmiş və daha sistemli şəkildə Yaponiyada meydana çıxdı. Yaponların milli xüsusiyyətləri, adət-ənənələri, vətənpərvərlikləri, həmçinin samuray və busidio etikası kamikazelik üçün münbit şərait yaratmışdı. Kamikazelər uçuşdan əvvəl cərgəyə düzülərək kiçik qədəhdə sake içir və “xatimaki” adlanan ağ çalma bağlayaraq, təyyarələrə doluşurdular. Xrizantem çiçəyi ölümə gedənlərin simvolu idi. Onu da xüsusi qeyd eləməyinə dəyər ki, yaponlar ölümə hansısa cənnət həzzi, yaxud cəhənnəm qorxusu ilə deyil, vətənin, millətin və İmperatorun şərəfi, ləyaqəti naminə gedirdilər. Ona görə də, yapon aviasiyası təyyarə sarıdan olsa da, təyyarəçi-kamikazelər çatışmazlığından heç vaxt əziyyət çəkməyib. Əksinə, könüllülər həmişə təyyarələrin sayından üç-dörd dəfə çox olurdu. Əsasən universitet tələbələrindən və gənclərdən ibarət kamikazelər üçün son uçuşa getmək, digərlərindən daha tez ölmək böyük şərəf sayılırdı. Bu baxımdan, kamikazelik dövrün, ölkələrin hərbi-siyasi və real qəhrəmanlıq tarixi ilə vəhdət təşkil edir.
“Ölümə gedənlər səni salamlayır…”
1942-ci ilin iyun ayından başlayaraq, Yaponiyanın Sakit Okeandakı hərbi uğurlarını bir-birinin ardınca silsilə məğlubiyyətlər əvəz elədi. Amerikanın güclənməkdə olan müdafiə sənayesi özünü göstərməyə başladığından, ABŞ addım-addım Yaponiya adalarına doğru irəliləməkdəydi. Yaponların uçuş məsafəsi az olan qırıcıları da Amerikanın keyfiyyətli və daha sürətli bombardmançı təyyarələrindən geri qalırdı. Bir-birinin ardınca biabırçı məğlubiyyətlərdən sonra 1944-cü il oktyabrın 17-də amerikalılar Suluan adasına qarşı geniş hücuma başlayırlar. Yaponiyanın Manila adasındakı hərbi-dəniz qüvvələrinə məxsus hava donanmasının qarşısında düşməni körfəzdə qarşılamaq və məhv etmək vəzifəsi qoyulmuşdu. Ancaq bu tapşırığı yerinə yetirmək praktiki olaraq mümkün deyildi. Yaranmış vəziyyətlə bağlı Birinci Hava Donanmasının komandanı vitse-admiral Takidziro Onisi 1944-cü il oktyabr ayının 19-da təşkil elədiyi brifinqdə ilk dəfə təyyarəçi-kamikazelərdən ibarət zərbə dəstəsi təşkil olunması haqda qərar verdiyini açıqladı: “Mən hesab edirəm ki, 250 kiloqramlıq bomba ilə Amerika gəmilərinin üstünə şığımaqdan başqa yolumuz yoxdur…”. Beləliklə, vitse-admiral Takidziro Onisini “kamikazelərin atası” hesab eləmək olar. “Ata”nın sözü yerə düşmədi. Birinci təyyarəçi-kamikazelər dəstəsi artıq bir gün sonra – oktyabrın 20-sində hazır idi! Dəniz aviasiyası bölmələrinin əsgərləri bir nəfər kimi ölkələri naminə həyatlarını fəda etməyə hazır olduqlarını bəyan etmişdilər. Bəli, yapon şərəfinin və namusunun nə demək olduğunu anlamaq üçün çox gözləmək lazım gəlmədi. Daha bir gün keçdi və 1944-cü il oktyabr ayının 21-ində ağır “Avstraliya” kreyserinə qarşı yapon kamikazenin hücumu oldu. 200 kiloqramlıq ağır bombalı təyyarə gəmiyə çırpıldı. Siftə korlansa da, yəni təyyarədəki bomba partlamasa da, kapitan daxil olmaqla gəmidə 30 nəfər adam öldü və “Avstraliya” təmirə göndərildi. Həmin gündən yapon kamikazelərin Amerika dəniz donanmasının ayrı-ayrı ağır və çoxheyətli gəmilərinə qarşı aramsız hücumları başlayır və yaponlar kamikazelərin iştirakıyla bir neçə iri döyüş həyata keçirirlər. Bunlardan ən yadda qalanı Filippin və Okinava uğrunda gedən döyüşlərdir. Kamikaze Yukio Sekinin başçılıq etdiyi ölüm dəstəsi 1944-cü il oktyabrın 25-də “Senti” və “Suoni” adlı təyyarədaşıyan gəmilərə hücuma keçərək bir neçə dəqiqənin içərisində hər iki gəmini sıradan çıxartmışdı. Bütün bu hücumlar nəticəsində amerikalıların 3 gəmisi batırılmış, 117 heyət üzvü həlak olmuşdu. Yaponlar özləri isə 17 təyyarə və təbii ki, 17 təyyarəçi-kamikaze itirmişdilər. Oktyabr ayının 29-da isə kamikazelərin hücumu nəticəsində “Franklin” təyyarədaşıyan gəmisi sıradan çıxarılmış, gəmidəki 33 təyyarə və 56 dənizçi öldürülümüşdü. Noyabrda daha 4 təyyarədaşıyan gəmi batırılmış, 100-dən çox dənizçi məhv edilmişdi. Kamikazelərdən kütləvi şəkildə İvodzima uğrunda döyüşlər vaxtı istifadə olundu. 1945-ci il fevral ayının 15-də kamikazelərin “ov”u daha uğurlu oldu: “Bismark Si” təyyarədaşıyan gəmisi 318 nəfərlik heyəti ilə birgə sulara gömüldü.
Yaponların Okinava uğrunda döyüşlərdə göndərdikləri kamikazelərin sayı maksimuma çatır: bütün döyüş dövründə 1465 təyyarə iştirak eləmişdi ki, nəticədə Amerika donanmasına xeyli ziyan dəymişdi: 26 gəmi itirilmiş, 27-si təyyarədaşıyan olmaqla 225 gəmi yararsız hala düşmüşdü. Okinavada amerikalılar ölümə şığıyanların ucbatından 5 minə yaxın dənizçi itirmişdilər. Yaponlar isə təyyarə çatışmazlığı üzündən artıq 20-30-cu illərin köhnəlmiş motorları ilə taxta qanadlı, təkərləri havaya qalxan kimi qopub yerə düşən təyyarələr düzəldərək kamikazeni 800 kiloqramlıq bombayla bu “cırcırama”ya otuzdurub, döyüşə yollayırdılar…
Ümumiyyətlə, İkinci Dünya Müharibəsinin sonunadək Yaponiyanın Dəniz Donanması 2525, ordusu isə 1387 təyyarəçi-kamikaze hazırlamışdı. Nəticədə qısa müddət ərzində 81 gəmi batırılmış, 195-i isə yararsız vəziyyətə salınmışdı…
“Millətim və doğma Yaponiya naminə…”
İndiyə qədər bəşər tarixində baş verən müharibələrdə insanları bilərəkdən ölümə göndərmək hallarıyla dəfələrlə rastlaşılıb. Kimlər zorən, kimlərsə könüllü özünü ölümün pəncəsinə atıb. Ancaq yaponların kamikazeləri dünya tarixinin fenomenal haldisələrindən biri sayılır. Ən azından bu olay bir institut və struktur halına gətirildiyi, həmçinin uzun bir dövrdə - 1944-cü ilin oktyabr ayından 1945-ci ilin avqust ayına qədər davam etdiyi üçün. Bunun analoqu yoxdur! Bu baxımdan, ölümə gedənlərin özlərindən danışmaq başqa aləmdir. Xüsusi zərbə dəstələrinə qəbul olunanların bir qismi bunu vətənpərvərlik hisslərindən eləyirdilərsə, digər qismi öz nəsil-nəcabətini şərəfləndirmək istəyindəydilər. Hətta o qədər ki… Bir yapon kamikaze dəstəsinə qəbul olunmaq üçün müraciət etsə də, arvadı və üç uşağı olduğu üçün ona icazə vermirlər. Məyus olan yapon evə qayıdır. Qadını ondan nəyə görə kədərli olduğunu soruşur. Yapon deyir ki, onu ailəli olduğu üçün kamikaze dəstəsinə qəbul etmirlər. Yapon qadını ərini şərəfləndirmək üçün üç uşağı ilə birlikdə özünü suya atıb, intihar edir... Ər arzusuna çatır, kamikazeliyə qəbul edilir, bir aydan sonrasa təyyarəsini hansısa Amerika gəmisinə çırpıb şəhid olur…
Bu hadisə düşünülmüş, yaxud hansısa ədəbi əsərin süjeti deyil. Kamikazelik bir yapon üçün həqiqətən ən ali mənsəb sayılırdı. Bunun praktiki tərəflərinə varsaq, bir neçə mühüm məqamı xatırlamalıyıq. Məsələn, bu günə qədər də Yaponiya uğrunda ölən bütün kamikazelərin adı, soyadı xatırlanır. Müharibə vaxtı isə onların adına məbəddə şam yandırılır, ruhlarına dualar oxunur, valideynləri şəhərin ən hörmətli adamları sayılırdılar. Bu adamların ölümə sevə-sevə necə getdiklərini isə son döyüş qabağı yazdıqları məktublarından bilmək olar…
“Əziz ata, əziz ana! Məni təbrik edə bilərsiniz! Axır ki, xüsusi zərbə dəstəsinə düşdüm. Bu gün dostlarımla birgə son döyüşə yollanıram. Oradan – havadan doğma Yaponiyanı, sizləri salamlamaq mənim üçün necə də xoşdur…”.
“Əziz ata! Mənim məzarım Okinava ətrafındakı dənizdə olacaq və sevinirəm ki, hər an anamı, səni, nənəmi görə biləcəyəm…”.
“Ana, bir məğlubiyyət yapon millətinin əbədi məğlubiyyəti deyil. Mən inanıram ki, bizim ölümümüz yeni və daha güclü Yaponiyanın qurulmasına xidmət edəcək…”.
“Əziz valideynlərim! Mənə şərəflə ölməyə icazə verdlilər. Bu mənim sonuncu günümdür. Bir azdan təyyarəmlə düşmən gəmisinin üzərinə şığıyacağam. Məni təbrik edin! Mən əlahəzrət, millətim və doğma Yaponiya üçün qalxan olmağa gedirəm…”.
Allah şahiddir ki, oxucumu riqqətə gətirmək üçün ixtiyarımdakı yüzlərlə, minlərlə məktubdan hansınısa seçmədim. Çünki ölümə könüllü gedən yaponların istisnasız olaraq hamısının qəlbindən və ruhundan süzülən rahatlığı və şərəfi lal sətirlərdən duymamaq mümkün deyil. Ancaq döyüş faktları, kamikazelərin məktubları, yüksək komandirlərin təşəkkür dolu nitqləriylə bu yapon fenomeninin sirrini açmaq yenə mümkün deyil. Kamikazeliyin mahiyyətini tam anlamaq üçün xeyli əvvəldən başlamaq lazımdır.
Ölümdən pəsinməyən yapon
Ərazisinin yeddidə altı hissəsi təsərrüfat məqsədiylə istifadə edilə bilməyən Yaponiyda qədimdən bəri həyat o qədər də asan olmayıb. Adalar ölkəsinin insanları amansız zəlzələlərin, qasırğaların, tufanların vurduğu dağıntılardan həmişə əziyyət çəkiblər. Bütün bunlar yaponlarda comərdlik, səbr, qətiyyətlilik kimi milli xüsusiyyətlər formalaşdırıb. Bu xalq üçün rəhbər, başçı, imperator göylərin ruhunun insan cildində təccəllasıdır ki, avropalılar buna “sintoizm” adı veriblər. Bu baxımdan, yaponlar bütün əsrlərdə imperatorları üçün ölümə getməyi özlərinə şərəf hesab ediblər.
XI əsrdən Yaponiyaya nüfuz eləyən buddizmlə insanların həyata və ölümə də münasibəti formalaşmağa başladı. Buddizm onlara ölümlə həyatı bir-birindən ayırmadan, hər ikisini vəhdətdə görməyi öyrətdi. Beləcə, cəmiyyətdə buddizmin yapon forması – zenbuddizm yarandı. Zenbuddizm isə artıq yalnız din deyildi. Bu, həm də fəlsəfə və sosial-psixoloji doktrina idi. Tokuqava dövründə Yaponiyada Konfutsinin təlimi geniş yayıldı. Bu təlim də yaponlara böyüyə və avtoritetə hörmətin, böyüyün sözünə mütləq əməl edilməsinin vacibliyini öyrətdi. Beləliklə, sintozim, buddizm və konfutsi təlimləri samurayların mənəvi-etik normaları olan busidonu formalaşdırdı. Xatırladaq ki, samurayların yazılmamış qanunları, onların idealları və canatımları “döyüşçünün yolu” mənasını verən “busido” termini ilə adlandırılır. Samurayın lazım gəlsə, lap qəbir evinə qədər öz ağasının dalınca getmək və onun hər əmrinə sözsüz əməl etməsini özündə ehtiva eləyən samuraylıqdan kamikazeliyə isə vur-tut bir addımdır. Bir də məhz sadalanan həmin üçlüyün təsirindəndir ki, bu günün özündə də həyatdan könüllü getmə istəyi yapon cəmiyyətində qətiyyən pis qəbul edilmir. Necə deyərlər, burada intihar ənənəsi artıq sosial dəyərlər səviyyəsinə qaldırılıb.
Təsadüfi deyil ki, avropalılar üçün yaponların digər mili xüsusiyyətləri ilə yanaşı kamikazelik də anlaşılmazdır. Müharibədən sonra kamikazelər hazırlayan zabitlərdən birinin Nyu-Yorkda xatirələri çap olunmuşdu. Kitabda belə bir maraqlı məqam var: “Amerikalılar məndən “təyyarəçinin öldüyü, təyyarənin məhv olduğu bir taktikanı necə başa düşək?” deyə soruşurlar. Mənim “onda bizdə təyyarə və təyyarəçilər azlıq edirdi. Ona görə də düşməni məhv eləmək üçün belə bir metoda müraciət elədik. Əgər təyyarəçilər xilas olmağa şansları olduğunu bilsəydilər, onda tapşırığı yerinə yetirmək üçün diqqətlərini toplaya bilməyəcəkdilər. Təcrübəsiz təyyarəçilər isə onsuz da vurulacaqdılar” cavabım onları heyrətləndirdi”.
Ayıq yaponların özlərində bu gün kamikazeliyə münasibət birmənalı deyil. Ziyalılar, hərb tarixçiləri, filosoflar, sosioloqlar hesab edirlər ki, millətin say-seçmə oğullarını göz görəsi ölümə göndərmək heç də yaxşı çıxış yolu deyilmiş. Yapon tarixçilərindən biri bu haqda yazır: “Əlbəttə, millətin öz şərəfi üçün döyüşə atılmağı çox yaxşıdır. Ancaq biz bunu qəfil, düşünülməmiş halda ediriksə, bu yalnız zərər verir”…

Son əvəzi

Təbiət hər bir insanı yalnız ona xas xüsusiyyətlərlə, xarakter və emosiya ilə yaradır. Xalqlar da belədir. Bu dünyada bir-birinə bənzəyən iki xalq tapmaq mümkün deyil ki, bədbəxtliyə, faciəyə, məğlubiyyət və rüsvayçılığa eyni reaksiya versin. Bir millət məğubiyyət girdabına düşməyi ilə barışmayaraq sonuncu nəfərinə kimi özünü savaşa atır, digər millət isə sanki xəcalətli məğlubiyyətindən həzz alırmış kimi qələbə sevincini podiumlarda, bazar piştaxtalarında, çalıb-oynamaqda axtarır. Onların hansının haqlı olduğunu təbii ki, tarix göstərəcək. Ancaq nə edəsən, bu dünyada hamı şərəfli və layaqətli ölümü rüsvayçı məğlubiyyətdən üstün olduğunu deyir, yazır. Dünya da məhz belələrinə hörmət edir! Bunu anlamaq və həyata keçirmək üçünsə nə kamikaze olmaq lazımdır, nə də yapon…

- Din və intiharçı aktlar
- İslam dini intiharçı terror aktını necə izah edir?
- Kamikazelik və terror: fərq nədədir?

Bunlar barədə növbəti yazıda. Lent.az-ı izləyin...

İlham TUMAS
ilham_tumas@mail.ru
# 881

Oxşar yazılar