Misir Mərdanov ittihamlara cavab verdi
02 aprel 2010 16:15 (UTC +04:00)

Misir Mərdanov ittihamlara cavab verdi

“Moskva Açıq Universitetinin Bakı filialı bağlı şou yaratmaq tamamilə qərəzli fikirlərdir”


“Azərbaycan müstəqilliyini əldə edəndən sonra ölkədə 100-ə yaxın qeyri-qanuni fəaliyyət göstərən universitet olub. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığından sonra qanunsuz fəaliyyət göstərən universitetlərlə mübarizə gücləndirilib. Qısa müddət ərzində bu məsələ ilə məşğul olduq və qanunsuz fəaliyyət göstərən universitetlərinin sayını minimuma endirdik”.


Lent.az-ın məlumatına görə təhsil naziri Misir Mərdanov nazirliyin Moskva Açıq Universitetinin Bakı filialının qanunsuz fəaliyyətinə şərait yaratması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Nazir deyib ki, 2000-ci ilin əvvəllərində Azərbaycanda 20-dək universitet qanunsuz fəaliyyət göstərib. 2005-ci ildə isə nazirlik bütün xarici ölkə filiallarının ləğvi ilə bağlı qərar çıxarıb.


“Sonradan məlum oldu ki, bizim qərarla bu filialları ləğv etmək mümkün deyil, bunun üçün gərək məhkəməyə müraciət olunsun. Təxminən bir il yarım ərzində uzun məhkəmə çəkişmələri nəticəsində biz bu filialların hamısının fəaliyyətinin dayandırılması haqqında qərar ala bildik. Yalnız Moskva Açıq Universiteti haqqında bizim ittiham Ali Məhkəmə tərəfindən rədd edildi”- deyə, Misir Mərdanov bildirib.


Nazir əlavə edib ki, ittihamın rədd edilməsində əsas kimi bu filialın Azərbaycan-Rusiya hökumətlərinin birgə imzaladığı sənəd əsasında yaradıldığı və buna görə də fəaliyyətini davam etdirməli olduğu götürülüb. Onun sözlərinə görə, bu günə qədər Moskva Açıq Universitetinin Bakı filial fəaliyyətini davam etdirir: “Filial dövlət ali məktəbləri sırasına daxil deyil. Filialın işində müəyyən problemlər var. Bu barədə filialın rəhbərliyinə rəsmi olaraq məktub göndərmişik. Güman edirəm ki, yeni dərs ilinə qədər bu filialla bağlı qəti qərar veriləcək. Bu filialla bağlı şou yaratmaq tamamilə qərəzli fikirlərdir”.

Elxan SALAHOV
# 374

Oxşar yazılar