Misir Mərdanov: “Meydanda tək qalmışam”
02 aprel 2010 16:00 (UTC +04:00)

Misir Mərdanov: “Meydanda tək qalmışam”

“Son vaxtlar mətbuatda Azərbaycan təhsili haqqında qərəzli məlumatlar yayılır. Bu ilin mart qəzet səhifələrində yazılırdı ki, Azərbaycan məktəblilərinin böyük əksəriyyəti narkomandır. Onlar bu yazıda Amerika Dövlət Departamentinin məlumatına istinad edirdilər. Mən bununla bağlı elə həmin gün fikrimi bildirmişəm. Sonradan mənim fikrim prezident tərəfindən yüksək dəyərləndirildi və dəstəkləndi. Biz ciddi təkidlərlə Amerika Dövlət Departamentini məcbur etdi ki, səhvən Azərbaycan xalqı və təhsili haqqında verdiyi qərarı təkzib etdi. Praktiki olaraq, Dövlət Departamenti dedi ki, biz səhv etmişik”.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov ali məktəb rektorlarının iştirakı ilə keçirilən kollegiya iclasındakı çıxışında belə deyib. Onun sözlərinə görə, Azərbaycan təhsili haqqında qərəzli münasibətlərin bir neçə mənbəyi var və o mənbələrin əksəriyyəti daxili mənbələrdir: “Daxildən müxtəlif məlumatlar gedir və onun əsasında yanlış fikirlər yaranır. Ümumiyyətlə, çox təəssüf ki, Azərbaycanda rəsmi vəzifə tutan adamlar da son vaxtlar cəmiyyətdə belə bir fikir formalaşdırırlar ki, guya Azərbaycanın təhsil sistemi dağılır, təhsil işçilərinin hamısı rüşvətxordur, Azərbaycan təhsili məhvə gedir və sair. Ən təəssüf doğuran hal isə odur ki, bu ağır və məsuliyyətli işi şərəflə öz çiynində aparan adamların heç biri bu hücumlara qarşı heç nə demir. Respublika rəhbərliyində də, dünyada da belə fikir yaranır ki, elə bunların dedikləri düzdür. Mən buna çox təəssüflənirəm. Hətta böyük vəzifə tutan adamlar rəsmi elan edirlər ki, mənim bu qədər boş yerim var, heç bir nəfər də adam tapmıram ki, götürüm işləsin. Bu söhbətlər dəfələrlə mənim yanımda olub. Mən şəxsən ölkənin təhsil naziri kimi bu fikirlərin hamısını rəsmi olaraq, təkzib edirəm və buradan bəyan edirəm ki, bu gün Azərbaycanda kifayət qədər qabiliyyətli gənclər var”.

Nazir Azərbaycanda qabiliyyətli gənclərin ən nüfuzlu universitetlərə daxil olması barədə misallar da çəkib. Onun sözlərinə görə, hazırda dünyanın 3 ən nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr var. Bu tələbələr hazırda bu tələbələr ən yüksək balla Amerika və Kanada universitetlərində təhsil alır. Hətta Alman Akademik Mübadilə Proqramı çərçivəsində təhsil alan Azərbaycan tələbələri arasında Almaniyanın ən məşhur klinikasında işə dəvət olunanlar var: “Belə gənclərin sayı minlərlədir. Kim yetişdirib bu gəncləri? Yerdən bitib? Onlar Azərbaycan müəlliminin və məktəbinin hesabına yetişib. Təəssüf ki, çoxlarının gözü bunları görmür. Təəssüf ki, heç bir ali məktəb rəhbərinin bu görməməzliklərə qarşı çıxdığını görmədim. Yəni hərə özünü, öz ətrafını qorumaqla iş bitməməlidir, ümumi ədaləti qorumaq lazımdır. 15 ildir biz hamısı bir yerdə gecə-gündüz çalışıb Azərbaycan təhsilini öz çiynimizdə irəliyə doğru aparmışıq və aparırıq. Əlbəttə ki, bu işləri prezidentin dəstəyi ilə həyata keçirmişik. Amma bizim bu sahədəki fəaliyyətimizə qara yaxırlar”.

Nazir kollegiyada iştirak edən ali məktəb rəhbərlərinə müraciət edərək, onları fəal olmağa çağırıb: “İmkan verməyin ki, kimsə, təhsilin səviyyəsi barədə həqiqətə uyğun olmayan fikirləri həqiqət kimi ictimaiyyətə təqdim etsinlər. Onsuz da mən meydanda tək qalmışam, heç kəs təhsilə qara yaxanlara cavab vermir. Mənim heç kəsin müdafiəsinə ehtiyacım yoxdur, amma heç olmasa, özünüz özünüzü müdafiə edin ki, biz belə işləyirik”.

Elxan SALAHOV
# 561

Oxşar yazılar