54 azərbaycanlı Türkiyədə peşəkar həkim kimi yetişir
21 yanvar 2010 13:00 (UTC +04:00)

54 azərbaycanlı Türkiyədə peşəkar həkim kimi yetişir

Hazırda Türkiyədə dövlət xətti ilə 517 azərbaycanlı təhsil alır

Hazırda Azərbaycanda təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyətini Türkiyədən olan tələbələr təşkil edir.


Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov türkiyəli həmkarı Nemət Çubuqçu nazirlikdə keçirilən görüşdə belə deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanın 21 ali təhsil müəssisəsində 4073 Türkiyə vətəndaşı oxuyur. Onlardan 139 nəfəri dövlət xətti ilə təhsil alanlardır. Türkiyəli tələbələr əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Tibb Universiteti, Texniki Universitet, Dövlət Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, İqtisad Universiteti və Bakı Musiqi Akademiyasında təhsillərini davam etdirir.


Nazir deyib ki, hazırda Türkiyənin ali məktəblərinin müxtəlif pillələrində 517 azərbaycanlı gənc dövlət xətti ilə təhsil alır. Onlardan 209 nəfəri bakalavr, 96 nəfəri magistratura, 117 nəfəri doktorantura, 95 nəfəri isə tibdə peşəkarlıq proqramları üzrə təhsil alır.


Qardaş ölkədə öz hesablarına təhsil alan azərbaycanlı tələbələrin sayı isə dövlət xətti ilə təhsil alanlardan bir neçə dəfə çoxdur. Misir Mərdanov deyib ki, 2007-ci ildən başlayaraq, Türkiyənin ali məktəblərində təhsil alan bir qrup tələbənin adı “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxil edilib. 2009-2010-cu tədris ilində belə tələbələrin sayı 75 nəfərə çatdırılıb. Hazırda onların böyük əksəriyyəti – 54 nəfəri Türkiyədə tibdə peşəkarlıq proqramları üzrə təhsilini davam etdirir.

Elxan SALAHOV
# 637

Oxşar yazılar