Texnikumlarda islahatlar aparılacaq
16 yanvar 2010 18:30 (UTC +04:00)

Texnikumlarda islahatlar aparılacaq

Bəzi ixtisasların tədris planlarına da dəyişiklik ediləcək, lüzumsuz fənlər çıxarılacaq

Nazirlər Kabineti "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın təsdiqləyib. Proqrama uyğun olaraq, qarşıdakı üç il ərzində orta ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının yenidən qurulması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək.


Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, proqramda texnikumların kompüter avadanlıqları ilə tam təchiz olunması, laboratoriya, cihaz və dəzgahların yeniləri ilə əvəz olunması, kitabxana bazasının təkmilləşdirilməsi və kadr hazırlığı strukturunun əmək bazarının tələblərini uyğunlaşdırılması nəzərdə tutulur. Həmçinin proqram çərçivəsində orta ixtisas təhsili müəssisələrində bəzi ixtisasların tədris planlarına da dəyişiklik ediləcək, lüzumsuz fənlər çıxarılacaq.


Xatırladaq ki, hazırda Azərbaycanda 57 dövlət və 3 özəl orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 121 ixtisas üzrə 52579 tələbə (o cümlədən 983 tələbə qeyri-dövlət məktəblərində) təhsil alır. Onların təlim-tərbiyəsi ilə 7003 müəllim məşğul olur. Ölkə iqtisadiyyatının müxtəlif sahələrində 540 min nəfərə yaxın orta ixtisas təhsilli mütəxəssis çalışır ki, bu da ölkənin əmək qabiliyyətli əhalisinin 10 faizə qədərini əhatə edir.

Elxan SALAHOV
# 585

Oxşar yazılar