Azərbaycanda xüsusi avtodromlar yaradıla bilər
28 noyabr 2012 16:30 (UTC +04:00)

Azərbaycanda xüsusi avtodromlar yaradıla bilər

Milli Məclisin Sosial siyasət komitəsində “Test və Təlim” Beynəlxalq (TTB) Təşkilatının (Test&Training International) ekspertləri Frans Vurs və Norbert Filippits, Svetlana Pasçinina ilə görüş keçirilib. Lent.az-ın verdiyi məlumata görə, görüşdə Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, müasir dövrdə yol hərəkəti təhlükəsizliyi dünya ölkələri, o cümlədən, Azərbaycan üçün ən aktual problemlərdən biridir. Onun sözlərinə görə, bu gün respublikamızda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol nəqliyyat hadisələrinin qarşısının alınması və bu hadisələrin fəsadlarının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görülməkdədir: Onun sözlərinə görə, bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri təhlükəsiz sürücülükdür ki, bu məsələyə həsr olunmuş maarifləndirmə kampaniyalarının və peşəkarlığın artırılması işlərinin həcmi hələ də aşağı səviyyədədir. Məhz bu səbəbdən həmin sahədə dünya təcrübəsinin öyrənilməsi və bu məqsədlə beynəlxalq ekspertlərin imkanları ilə tanış olmaq göstərilən sektorda boşluğun aradan qaldırılmasına xidmət edən amillərdən biridir. Hadi Rəcəbli qeyd edib ki, ölkəmizdə yol qəzaları nəticəsində hər il təxminən 900-1000 nəfər dünyasını dəyişir, 3000 nəfərdən çox insan isə əlil olur. Bu kimi hallar yol hərəkəti təhlükəsizliyini daha da zəruri edir: “Bir sıra ölkələrdə insanlar sürücülük vəsiqəsi alsa da, müəyyən müddətdən bir təlimlərdə iştirak etməlidir. Amma ölkəmizin qanunvericiliyində sürücülər üçün belə bir tələb yoxdur. Beynəlxalq təşkilatla bu sahədə əməkdaşlıq yaxşı nəticələr verə bilər. Bunun uçun isə ölkəmizdə avtodromlar yaradılmalıdır”.

“Test və Təlim” Beynəlxalq Təşkilatının baş meneceri Frans Vurs qurumun Avstriyanın Vyana şəhərində yerləşdiyini bildirib. Həyata keçirdikləri layihələr haqda məlumat verən ekspertin sözlərinə görə, onların məqsədi sürücülərə təlimlər keçməklə yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir. Bu isə bilavasitə yollarda insanların həyatlarını qorumağa xidmət edir. O, müxtəlif ölkələrdə belə treninqlərin keçirildiyini və əhəmiyyətli nəticələr əldə olunduğunu nəzərə çatdırıb. Təşkilatın təlimləri üçün xüsusi avtodromlar yaradılmalıdır. Bu avtodromlar ölkələrin müvafiq qurumları tərəfindən yaradılır və “Test və Təlim” ekspertləri tərəfindən sürücülərə təlimlər keçirilir. Məsələn, təşkilat bir neçə il öncə Misirdə turistlərə xidmət göstərən avtobus sürücüləri üçün, Lüksemburqda polislərə, Avstriyada məktəblidən başlamış sürücülük vəsiqələri alanlara qədər insanlara təhlükəsizlik təlimləri keçib. Frans Vurs Azərbaycanla Avstriyanın ərazi və əhali baxımından oxşar olduğunu bildirib. O bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə və sürücülər üçün təlim layihələri təşkil etməyə hazır olduqlarını bildirib.

Görüşdə iştirak edən Nəqliyyat Nazirliyinin sektor müdiri Eldar Əlizadə bu mövzunun çox aktual olduğunu deyib. O, Nəqliyyat Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bu sahədə sürücülərlə aparılan tədbirlər haqqında ətraflı məlumat verib. Nazirliyin nəzdində “Avtomoto Klub”un fəaliyyət göstərdiyini deyən Eldar Əlizadə qeyd edib ki, məqsəd sürücülərinin peşəkarlığının artırılmasıdır. Burada yol hərəkəti təhlükəsizliyi məsələsinə xüsusi fikir verilir: “Bu təşkilatın isə təşəbbüsləri, avtodromun yaradılması təklifi çox maraqlıdır. Biz bu haqda nazirliyin rəhbərliyinə məlumat verəcəyik. Hesab edirəm ki, təşkilatla yaxşı əməkdaşlıq əlaqələri qurulacaq”.
Qeyd edək ki, Test və Təlim Beynəlxalq Təşkilatının nümayəndələri Dövlət Yol Polisində də görüş keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1004

Oxşar yazılar