"Xüms" adı ilə yığılan pullar, İranın saxta xeyriyyəçiliyi
02 fevral 2023 14:45 (UTC +04:00)

"Xüms" adı ilə yığılan pullar, İranın saxta xeyriyyəçiliyi

Ötən gün Milli Məclisin iclasında deputat Fazil Mustafanın Azərbaycandan İrana milyonlarla pul göndərilməsi barədə verdiyi açıqlama ciddi müzakirələrə və marağa səbəb oldu.

Deputat iddia edir ki, Azərbaycanda xüms adı ilə toplanan milyonlarla vəsait İrana göndərilir və bu ölkə bizim pullarımızla terrorizmi maliyyələşdirir.  

Bu barədə Lent.az-a ətraflı açıqlama verən deputat Fazil Mustafa "xüms”ün nə olduğunu, bu pulun necə və harada yığıldığından danışıb:

“Xüms dində vergi növüdür. Bu müharibə zamanı qənimətlərin bölüşdürülməsi üçün nəzərdə tutulur. Amma İslam dinində belə bir vergi yoxdur. Müəyyən qruplar Azərbaycandan bu vergini yığıb İrana göndərirlər. Xüms vergisi xüsusi ilə inanclı sahibkarlar, iş adamları arasında yığılır. Onları aldadırlar ki, bu vergini verməsələr malları haram olacaq. Həmin şəxslər də inanıb külli miqdarda pul verirlər. Elə bu yaxınlarda onlardan biri də tutuldu – “İmam Mehdi”. Hazırda da məhkəməsi gedir. Həmin məsələdir. Ona görə də bu məsələdə Azərbaycan diqqətli olmalıdır. Bu cür qüvvələrin ölkədə fəaliyyət göstərilməsinə icazə verilməməlidir. Çünki dövlətimizin ali maraqlarını düşünərək bu addımı atmalıyıq”.

Fazil Mustafa həmçinin deyir ki, İran xüms üçün yığılan həmin vəsaitdən Azərbaycandakı trollarına da maaş verir:

“Azərbaycanda bu vəsaitin yığılmasının qadağan olunmasına ehtiyac var. Çünki bu terroru dəstəkləyən vergidir. Çirkli pulların yuyulması ilə bağlı qanunvericilikdə bu nəzərdə tutulmalıdır. Nəzərə almalıyıq ki, bu vergi ölkəmizdə yığılaraq Azərbaycana qarşı təxribat törədən həmin terrorçulara göndərilir. Xüms adı ilə yığılan puldan Azərbaycanda İranı dəstəkləyən trollara maaş belə verilir”.

"Xüms" nədir?

“Xüms” ərəb sözü olub beşdə bir mənasını verir. Qurani-Kərimdə xüms vergisi barədə bir neçə ayə var. Ən çox istinad olunan Ənfal surəsinin 41-ci ayəsidir.

Bu ayəyə əsasən, müsəlmanlar savaş qənimətlərinin 5-də birini Peyğəmbər və ailəsinə ayırırdı. Ancaq sonrakı dövrdə islam hüququnda bununla bağlı fikir ayrılığı yarandı. Bəzi islam hüquqçuları bu ayənin yalnız müharibə (Bədr savaşı və digərləri) zamanına aid olduğunu bildirdilər.

Bəziləri isə bu ayədə bütün zamanlarda qazancın beşdə birinin vergi olaraq verilməsinin nəzərdə tutulduğunu iddia edir. Cəfəri fiqhinə görə, xüms təkcə qənimətlər deyil, dinc dövrdə də müsəlmanların ehtiyaclarından əlavə qazanclarının 5-də birini Peyğəmbər və ailəsinə verməli olduğu fikrinə əsaslanır.

Azərbaycanda "xüms" kimlər tərəfindən toplanır?

Azərbaycanda "xüms" şiə təriqətinə mənsub olan inanclı şəxslər arasında toplanır. "Xüms" sədəqəsi verən adamlar arasında çoxlu sayda iş adamları və sahibkarlar var. Ölkədə belə bir şayiə yayılıb ki, bu vergini hər bir şiənin ödəməsi vacibdir. Qısaca belə deyək ki, Azərbaycanda şiə təriqətinə mənsub inanclı iş adamlarının hamısından illik gəlirin 20%-ni "xüms" adı ilə toplayırlar.

"Xüms" kimlərə verilir?

"Xüms" üçün toplanan pullar ancaq və ancaq vəliyyi-əmrə verilməlidir! Vəliyyi-əmr kimdir? Əmr sahibi, yəni Ayətullah. Azərbaycanda Ayətullah olmadığına görə şiələrinin ölkəmizdə topladığı "xüms" pulları Quma, Məşhədə ziyarətə gedənlər vasitəsilə İrana aparılır. Hətta iddialara görə, Azərbaycanda hər il yüz minlərlə dollar "xüms" göndərən biznesmenlər var.

"Xüms" pullarını Azərbaycanda kimlər idarə edir?

Bir neçə il əvvələ qədər Azərbaycanda bu işlərlə İran Mədəniyyət Mərkəzi məşğul olub. Bu mərkəzin də rəhbəri İranın Ali dini lideri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əliəkbər Ocaqnejat idi. Mərkəz ölkəmizdə yığılan bu pulların böyük hissəsini İrana ötürürdü. Az bir hissəsi ilə isə Azərbaycan gənclərin İranın Qum və Məşhəd şəhərlərinə təhsil almaq üçün göndərilməsinə, xəstələrin İranın müxtəlif şəhərlərindəki xəstəxanalarında müalicəsinə maddi yardım üçün istifadə edirdi. Adını da belə qoyurdular ki, İran azərbaycanlı tələbələri oxutdurur və Azərbaycandan olan xəstələrin müalicəsinə yardım edir. Bir sözlə İran azərbaycanlılardan yığılan pullarla Azərbaycana qarşı “xeyriyyəçilik” edirdi.

"Xüms" üçün yığılan pulların bir qismini də İran Azərbaycanda qurduğu təşkilatlar vasitəsilə kasıblara paylayır, beləliklə həm “çörəkverən İran” imici yaradır, həm də o kasıbları öz ətrafında toplayırdı.

İllər əvvəl iddia olunurdu ki, İran ölkəmizdə yığılan bu pulları öz missionerlərini yetişdirməyə xərcləyib. Hətta bildirilir ki, molla rejimi bu pullarla Ermənistana və Qarabağdakı terrorçulara yardım da edib.

Bu iddialar yayılandan sonra, 2014-cü ildə Bakıdakı İran Mədəniyyət Mərkəzi bağlandı.

Hazırda isə bu işlərlə İranın vaxtilə Azərbaycanda yığılan "xüms" pulları ilə yetişdirdiyi və din pərdəsi altında gizlənən missionerləri məşğul olur.

Ümid edirik ki, Azərbaycan hüquq-mühafizə orqanları tezliklə ölkəmizdə kök salan bu missionerləri ifşa edəcək. 

# 4581
avatar

Fidan İlqar

Oxşar yazılar