Əvvəli - http://www.lent.az/news.php?id=13087
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə “Ekstazi işi” ilə bağlı proses dekabrın 4-də davam etməlidir. Qeyd edək ki, bu məhkəmədə bir dəstə gənc mühakimə olunur ki, dəstə başçıları kimi də Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov göstərilir. Dəstə üzləri arasında xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov da var. Onlardan başqa, daha 11 nəfər təqsirli bilinir.
Ötən yazımızda dəstənin qadın üzvü Kəmalə Eyvazovanın ifadəsini diqqətinizə çatdırdıq. K.Eyvazova bildirib ki, maşın ustası Əli İsmayılov vasitəsilə bu dəstəyə qoşulub. O, istintaqa ifadəsində qeyd edir ki, ekstaziləri M.Mirsalamlıgilin bağ evində qəbul edirmiş. İfadəsinin davamında isə qeyd edir ki, 2007-ci ilin dekabr ayında bir daha bağ evinə toplaşırlar. Məclisdə Əli, Mahirin rəfiqəsi Lera və Mahir olub. Mahir qızların hər birinə bir ədəd, özü ilə Əliyə isə iki ədəd ekstazi ayırır və gənclər bu dərmanları qəbul edirlər.
Bir neçə gün sonra isə Kəmalə bacısı Səbinənin ad gününə hazırlaşır. Əvvəlcə dördlük Səbinə üçün hədiyyə axtarır, sonra Mahir onlara eksatzi verir. Beləliklə, ad gününə gedəndə yuxarıda ad çəkən dörd nəfərin hamısı ekstazi içib, “hazır” vəziyyətdə olur.
Restorandan diskotekaya qədər
K.Eyvazova sonuncu dəfə ekstazini 2008-ci il yanvarın 27-də rəfiqəsinin ad günündə qəbul edib. Bu dəfə onların dəstəsinə bacısı Səbinə də qoşulubmuş. “Qolden Biç Xəzər” otelində keçirilən ad günü mərasimində Mahir onlara ekstazi paylayır. Lakin Səbinə həddən artıq spirtli içki qəbul etdiyindən ona dərman vermirlər. Axşam əyləncə yenə davam edib. Belə ki, gənclər oteldən çıxıb, diskotekaya gedirlər. Həmin gün diskotekaya Əlinin dostu Cavidan Əliyev də gəlir və beləcə, Kəmalə onunla da tanış olur.
Əyləncə bununla da bitmir, oradakılar indi də toplaşıb Ali Məhkəmənin binası ilə üzbəüz yerləşən küçədəki “İnfiniti” diskotekasına gedirlər.
İfadənin sonunda oxuduqlarım, düzü, xeyli təəccüblü oldu. Sən demə, K.Eyvazovanın 4 azyaşlı uşağı varmış. Bu səbəbdən də o, istintaqdan kömək istəyib.
Oğul atasına ekstazi hədiyyəsi
Təqsirləndirilən şəxs Elşən Budaqov Yalçın Həsənovu dostu Mirəli vasitəsilə tanıyır. Özü də Buzovna qəsəbəsindəki restoranların birində. Həbs edilməzdən təxminən 1 il əvvəl başlayan münasibətlər dostluğa çevrilir. Hələ bir neçə dəfə də məclislərdə yeyib-içirlər.
2008-ci il aprel ayında E.Budaqovun oğlu dünyaya gəlir. Bu hadisəni dostu Mirəli ilə qeyd etmək istəyirlər. Həmin ərəfədə Çində yaşayan qardaşı ona “BMW” markalı qol saatı göndərib. Mirəli isə deyir ki, Yalçın belə saatların həvəskarıdır, bunu ona sata bilərlər. Beləliklə, onlar Yalçınla Amerika səfirliyinin yaxınlığında görüşürlər. Yalçın saatı bəyənmir. Amma eşidəndə ki, E.Budaqovun oğlu olub, onların hərəsinə iki ədəd ekstazi hədiyyə edir.
İfadədən belə məlum olur ki, ekstazilər E.Budaqova heç bir məmnuniyyət gətirmir. Yalçından ayrılıb Novxanıya qutab yeməyə gedəndə yolda həbləri qəbul edir və bir qədər sonra təsiri gəlir. Onun sözlərinə görə, bu təsirdən o, sadəcə həddən artıq siqaret çəkməyə başlayır ki, hansı ki, normalda onun bu sayda siqaret çəkməsi mümkün olmayıb. Səhəri gün isə eşidir ki, Mirəli də ekstazinin qəbulundan sonra özünü yaxşı hiss etməyib.
Seyid ekstazidən hansı hala düşür?
E.Budaqovun dostu Mirəli Əliyev isə bildirir ki, onun Yalçın Həsənovla münasibətləri həddən artıq yaxşı olub. İki il əvvəl tanış olmalarına baxmayaraq, Yalçın onu kiçik qardaşı kimi sevirmiş. Hətta onlar atalarını belə tanış edirlər. Mirəlinin çətinliyi olanda Yalçın ona xırda-para köməkliklər edir, yol polisi maşınını saxlayanda problemi dostu vasitəsilə həll edirmiş. Hətta maşınsız qalanda belə prokuror oğlu öz maşınını ona verib.
Mirəli bildirir ki, Yalçın onlara ekstazi hədiyyə edəndən sonra onu maşındaca qəbul edib. Və xeyli enerji gəldiyini hiss edib, musiqiyə oynamaq həvəsi yaranıb. Ancaq axşam evə gedəndə özünü həddən artıq pis hiss edib. Ona elə gəlirmiş ki, çənəsi indi qopub düşəcək, beyni sanki donub və heç nə fikirləşə bilmir, səhərə kimi də yatmayıb. Bu pis vəziyyət iki gün çəkib. Sonrakı günlərdə o, Yalçınla görüşəndə başına gələnləri danışıb. Yalçın da bildirib ki, artıq həblər ona da pis təsir edir, yata bilmir, yatdığı yerdə diksinib ayılır. Hətta ağrılar verir. Yalçın Mirəliyə deyir ki, daha dərman qəbul etmək istəmir, amma bunun əvəzinə spirtli içki içir.
Mirəli bildirir ki, o müqəddəs seyid nəslindəndir. Əslində heç vaxt spirtli içki içməyib. Əcdadlarının ocaqlarının hamısı ziyarətgah olan gənc bu dərmandan qəbul etdiyi üçün peşman olduğunu etiraf edib.
İstintaq zamanı təqsirləndirilən şəxslər arasında üzləşdirmə istintaq hərəkətləri də keçirilib. Bu prosesdə də çox maraqlı məqamlar ortaya çıxıb. Bu məqamlarla sizi növbəti yazıda tanış edəcəyik.
(Davamı var)
Səbinə Əvəzqızı
İş № 585: Ekstazi dörd azyaşlı uşağın anasını nə hallara saldı?
1681