“Qazprom”un rəhbəri  Putini devirməyə çağırıb?
08 aprel 2022 12:23 (UTC +04:00)

“Qazprom”un rəhbəri Putini devirməyə çağırıb?

Rusiyalı təbliğatçı jurnalistlərin yazışmalarını sızdıran Anonymous qruplaşması ilə əlaqəli olan ATW haker qrupu Rusiyanın “Qazprom” şirkətinə hücum edib və şirkətin saytında baş direktor Aleksey Millerin “Alternativ Rusiya” başlıqlı mesajını yerləşdirib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Miller öz “mesajında” guya “xüsusi əməliyyat”dan narazılığını və prezident kreslosunda Vladimir Putini əvəz etməyə hazır olduğunu bildirib.

“Bir vətənpərvər kimi mən Rusiyanın parlaq gələcəyini və onun həyatının bütün sahələrinin inkişafını dəstəkləyəcəyəm. Mən indi ölkəmin rejiminin həyata keçirdiyi zorakılığı rədd edirəm və nifrət edirəm.

İnanıram ki, mən iqtisadi inkişaf və tərəqqi yolunu seçərək böyük vətənimizin layiqli əvəzçisi və uğurlu rəhbər ola bilərəm.

Bütün həmkarlarımdan, dostlarımdan, tanışlarımdan alternativ mövqeyə dəstək vermələrini xahiş edirəm.

Ölkəmiz defolt astanasındadır və mən bir vətənpərvər, həm də təcrübəli iqtisadçı kimi buna imkan verə bilmərəm və istəmirəm də”, - mesajda deyilir. 

Qeyd edək ki, Miller hələ Sankt-Peterburq meriyasında işləyəndə biznesmen kimi Putinin diqqətini cəlb edib.  

O, Milleri 2001-ci ildə "Qazprom"un sədri təyin edib və o vaxtdan bəri Rusiyanın prezidentinə sədaqətlə xidmət edir.

# 6156
avatar

Oxşar yazılar