NATO SSRİ-nin üzvlüyünə niyə “yox” deyib? - 68 il əvvəl dünyanı dəyişən HADİSƏ
04 iyun 2022 20:15 (UTC +04:00)

NATO SSRİ-nin üzvlüyünə niyə “yox” deyib? - 68 il əvvəl dünyanı dəyişən HADİSƏ

1949-cu il aprelin 4-də Şimali Amerika və Qərbi Avropadan 12 ölkə Vaşinqton şəhərində Şimali Atlantika Alyansının (NATO) yaradılması barədə müqavilə imzaladı.

Hərbi blok yarandığı gündən Sovet İttifaqı və onun müttəfiqləri ilə hərbi konfliktdən qorunmaq üçün fəaliyyət göstərirdi.

“Alyans rusları Avropadan kənarda, amerikalıları Avropada saxlamaq, Almaniyaya isə nəzarət etmək üçün yaradılıb”, - deyə NATO-nun ilk baş katibi, britaniyalı Qastinqs İsmey açıqlama vermişdi.

Alyansın sənədlərində onun SSRİ-yə qarşı olması qeyd olunmasa da, Kreml hərbi blokun ona qarşı yönəldiyini yaxşı anlayırdı. Deyilənə görə, Stalin Fransa Prezidenti Şark De Qollun NATO-nu sülh təşkilatı adlandırmasını eşidəndə “Bəlkə biz də NATO-ya üzv olaq”, - deyə replika söyləmişdi.

Amma geosiyasi və ideoloji fərqlərə baxmayaraq, SSRİ doğurdan da NATO-ya üzv ola bilərdi.

Lent.az SSRİ-nin 1954-cü ildə NATO-ya üzv olmaq üçün rəsmi müraciət etməsini xatırlayacaq.

İkinci Dünya Müharibəsində ortaq qələbədən sonra müttəfiq ölkələr – ABŞ, Böyük Britaniya və Sovet İttifaqı arasında münasibətlər kəskin pisləşir.

Çexoslovakiyada kommunist çevrilişi və Sovet Ordusunun Qərbi Berlini mühasirəyə alması NATO-nun yaradılması üçün əsas olur.

Kreml Qərbi Berlinin ABŞ, Fransa və Böyük Britaniyaya verilən sektorlarından bu ölkələrin hərbi kontingentini çıxarmağa cəhd etsə də, plan baş tutmur.

NATO-nun antikommunist yanaşması Moskvanın xoşuna gəlmirdi. 1954-cü ilin martında SSRİ gözlənilmədən ölkənin NATO-ya üzv qəbul olunması üçün müraciət edir.

Bu təklifin önündə Almaniyanın gələcək taleyini müəyyənləşdirəcək mürəkkəb diplomatik oyun gedirdi.

Belə ki, 1945-ci ildə müharibədə məğlubiyyətdən sonra ölkəni şərqdəki sovetyönlü Almaniya  Demokratik Respublikasına və qərbdəki kapitalist Almaniya Federativ Respublikasına ayırdılar. Sovet İttifaqının rəsmi mövqeyi vahid, amma neytral və demilitarizasiya olunmuş Almaniya dövlətinin yaradılmasından ibarət idi.

Amma Qərb bunu istəmirdi. Hesab olunurdu ki, digər Şərqi Avropa ölkələrində olduğu kimi Almaniyada da birləşmədən sonra kommunistlər çevriliş edərək Moskvaya xidmət edən hökumət yarada bilərlər.

Paralel olaraq, birləşmiş Almaniyanın Birinci və İkinci Dünya Müharibələrində olduğu kimi sivil dünyaya təhlükə mənbəyinə çevrilməsi qorxusu var idi.

SSRİ isə Almaniya Federativ Respublikasının NATO-ya üzv olacağını və bu zaman Alyansın hərbi qüvvələrinin sosialist bloku ilə sərhədə yerləşəcəyindən ehtiyatlanırdı.

Kreml hərbi və iqtisadi gücünün Qərb ölkələrindən xeyli geridə olduğun da anlayır, kompromisdə daha maraqlı idi.

Almaniya məsələsini həll etmək üçün SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov Almaniya Federativ Respublikası, Almaniya Demokratik Respublikası və Avropa ölkələrinə kollektiv təhlükəsizlik barədə müqavilə imzalamağı təklif edir.

Müqaviləyə əsasən ölkələrdən biri hərbi aqressiyaya məruz qalarsa, digər ölkələr onun köməyinə gəlməli idi. Amma təklif ABŞ-a üzvlük təklif etmir və ehtimal olunan ABŞ-Sovet İttifaqı müharibəsində avropalı müttəfiqlərinin ona kömək etməsinə qadağa qoyurdu.

Təbii ki, təklif Qərb diplomatik dairələrində gülüşlə qarşılanır və rədd edilir. Bu zaman sovet rəhbərliyi təslim olmur və Molotov kollektiv təhlükəsizlik müqaviləsinə ABŞ-ın üzvlüyü qarşılığında SSRİ-nin NATO-ya üzv qəbul olunması barədə yeni təklif verir.

Təklifi verən Molotov Qərbin buna rədd cavabı verəcəyindən əmin idi və bu addımı daha çox təbliğat effekti kimi təqdim etmək istəyirdi.

Belə ki, SSRİ NATO-ya üzv qəbul edilməməsini NATO-nun müdafiə üçün deyil, SSRİ və sosialist düşərgəsi ölkələrinə qarşı hərbi güc kimi yaradıldığını iddia edəcəkdi.

Maraqlıdır ki, müraciəti SSRİ ilə yanaşı, Belarus və Ukrayna Sovet Sosialist Respublikaları da ayrıca edir. Son iki ölkəyə kağız üzərində suveren dövlət görüntüsü verilir. Analji fənddən SSRİ BMT-nin yaradılması zamanı da istifadə edirdi.

Hər iki ölkəni BMT-yə üzv qəbul etdirməklə, SSRİ Baş Assambleyasının səsverməsində 2 əlavə səs üstünlüyü qazanırdı.

Qərb Moskvanın təklifini piar gedişi kimi qəbul edir. SSRİ-yə üzvlüklə bağlı verilən rəsmi cavabda Sovet İttifaqının quruluşunun demokratiya standartlarına və Alyansın digər üzvlərinin dövlət quruluşuna uyğun gəlmədiyi vurğulanırdı. Bundan başqa, SSRİ-ni üzv qəbul etməklə Qərb Şərqi Avropanın kommunistlərin nəzarətinə keçməsini legitimləşdirmək fikrində olmadığını açıq dillə elan edirdi.

“Bu təklifin tamamilə qeyri-real olmasını ifadə etməyə ehtiyac yoxdur. Bu təklif Qərb ölkələrinin müdafiə və təhlükəsizlik sisteminin yaradıldığı prinsiplərə belə ziddir”, - cavabda deyilir.

Britaniyalı tarixçi Cefri Roberts Molotovun SSRİ-nin NATO-ya üzvlüyünün mümkünlüyünü nəzərdən keçirdiyini, lakin bunun “Soyuq Müharibə”nin dayandırılması üçün yox, ABŞ-ın təşkilatdakı resurslarını ələ keçirmək üçün atılan addım kimi düşündüyünü yazır.

1955-ci ildə Almaniya Federativ Respublikası NATO-ya üzv qəbul olunur. Bu SSRİ-nin ölkəni demilitarizasiya etmək cəhdinin puça çıxmasının göstəricisi idi.

Buna cavab olaraq, SSRİ Polşa, Albaniya, Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Rumıniya və Çexoslovakiya daxil olmaqla, sosialist ölkələrinin üzv olduğu Varşava Müqaviləsi Təşkilatının əsasını qoyur.

Bu hadisə dünyanın 2 düşmən hərbi düşərgəyə bölünməsini rəsmiləşdirir. 

# 9531
avatar

Vüqar İsmayılov

Oxşar yazılar