“Azərbaycan bayrağını şəhidlərimiz öz qanları ilə ucaldıb, o bayrağı heç bir qüvvə yerə ata bilməz” -  Ramiz Alıyev
05 avqust 2022 14:40 (UTC +04:00)

“Azərbaycan bayrağını şəhidlərimiz öz qanları ilə ucaldıb, o bayrağı heç bir qüvvə yerə ata bilməz” - Ramiz Alıyev

“Londondakı Səfirliyimizə qarşı edilmiş təxribat sıradan bir hadisə ola bilməz, onun səbəbi var və bu səbəbi də hər kəs bilməlidir. Bu günlərdə ordumuzun “Qisas” adlı antiterror əməliyyatı təkcə Ermənistanı deyil, digər bizə düşmən olan dövlətləri də bərk narahat edib. Həmin ölkələr, əslində özlərini bir neçə dəfə ifşa edərək açıq şəkildə ölkəmizə qarşı məkrli niyyətlərini nümayiş etdirmişdi. Bu dəfə isə belə bir təxribatla əsl simalarını göstərmiş oldular”.

Bunu Lent.az-a açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev bildirib.

O qeyd edib ki, bu təxribatın cavabı olmalıdır: “Hesab edirəm ki, səfirliyimizə qarşı edilən bu təxribatın hüquqi bir cavabı olacaqdır. Bilirsiniz ki, Vyana Konvensiyasına uyğun olaraq diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi birbaşa həmin dövlətlərin üzərinə düşür. Ona görə də Böyük Britaniyanın hüquq-mühafizə orqanları bu məsələdə qətiyyətli mövqe sərgiləməlidir; həm təşkilatçıların tapılmasında, həm də özlərinin nüfuzunun qaytarılmasında maraqlı olmalıdır. Çünki inkişaf etmiş dövlətdə belə bir hadisənin baş verməsi həmin ölkənin hüquq-mühafizə orqanlarının nüfuzu üçün xoş olmayan bir haldır. Azərbaycan bayrağını şəhidlərimiz öz qanları ilə ucaldıb, o bayrağı heç bir qüvvə yerə ata bilməz və buna heç bir dövlətin gücü çatmaz! Azərbaycan artıq elə bir gücə sahibdir ki, bəzi dövlətlər kimi tapşırıq eşidən, əmir olunan bir ölkə deyil! Diktə edən, güc sahibi olan, işğal olunmuş ərazilərini öz gücü ilə geri qaytarıb, o ərazilərdə bayrağını ucaldan bir dövlətdir! Bu gün Azərbaycan dövlətinin rəhbərini bütün dünya dövlətləri və beynəlxalq təşkilatlar qəbul və təqdir edir. Dünyanın ən nüfuzlu media nümayəndələri dəfələrlə Azərbaycan diplomatiyasının gücündən söz açaraq bunun əsl səbəbkarı kimi ölkə Prezidenti cənab İlham Əliyevi göstərmişlər!

44 günlük Vətən müharibəsində döyüş sahəsində igid əsgərlərimizin göstərmiş olduğu qəhrəmanlıq, beynəlxalq arenada diplomatlarımız tərəfindən göstərilirdi! Hər iki cəbhədə vuruşan igidlərimizin bir Ali Baş Komandanı var - cənab İlham Əliyev! Ona görə də biz bu gün imkan verə bilmərik ki, hansısa dövlətin, eləcə də xüsusi xidmət orqanlarının maşası olan təriqət üzvləri bizim bayrağımıza zərər versin! Bunu hər biz azərbaycanlı anlayır və məsuliyyətini hiss edir!”

# 3210
avatar

Oxşar yazılar