"Gülüstan" sarayında Fətullah Gülənin təbliğatı aparılıb
30 aprel 2009 16:30 (UTC +04:00)

"Gülüstan" sarayında Fətullah Gülənin təbliğatı aparılıb

Millət vəkilləri Qüdrət Həsənquliyev və Cavanşir Paşazadə tədbiri tərk ediblər

Bu gün saat 11.00-da "Gülüstan" sarayında Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirdə Fətullah Gülənin təbliğatı aparılıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mətbuat və İnformasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirə dəvət olunanlara Dialoq Avrasiya Platformasının Azərbaycan Milli Komitəsinin sədri, millət vəkili Nizami Cəfərovun imzasıyla göndərilən dəvətnamələrdə "təntənəli proqram"ın məhz Heydər Əliyevin əziz xatirəsinə həsr olunduğu bildirilib. Ancaq tədbirə məhz Heydər Əliyevin xatirəsini anmaq üçün qatılan bir çox tanınmış şəxslər tamamilə fərqli mənzərənin şahidi olublar. Belə ki, "Heydər Əliyevin xatirəsinə həsr edilmiş Dialoq Avrasiya Platforması və "Dialoq Avrasiya" dərgisinin Azərbaycanda 10-cu ilinin tamam olması münasibətilə "İslam mədəniyyəti və müasir dünyada dialoq" adlı təntənəli proqram"a qatılan iştirakçılara nurçuluq təriqətinin başçısı Fətullah Gülənin təbliğatına həsr olunmuş jurnal təqdim olunub.
"Dialoq Avrasiya" jurnalında Fətullah Gülənin dini baxışlarını təbliğ edən yazılar, fotoşəkillər və digər materiallar yer alıb.
Tədbirin mahiyyəti barədə öncədən yanlış məlumatların verilməsi iştirakçıların etirazına səbəb olub. Bu səbəbdən, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev və millət vəkili Cavanşir Paşazadə tədbiri tərk ediblər.
BAXCP Mətbuat və İnformasiya Xidməti insanların yanlış məlumatlar əsasında, aldadılaraq bu və ya digər tədbirlərə dəvət olunmasını yolverilməz hesab edir və adıçəkilən "təntənəli proqram"ın təşkilatçılarına kəskin etirazını bildirir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 968

Oxşar yazılar