Azərbaycan həbs etdiyi Rusiya gəmisini geri qaytardı - EKSKLÜZİV
21 aprel 2009 17:00 (UTC +04:00)

Azərbaycan həbs etdiyi Rusiya gəmisini geri qaytardı - EKSKLÜZİV

Azərbaycanda həbsdə saxlanılan Rusiyaya məxsus “Sarmat-1” yük gəmisi bu ölkəyə geri qaytarılıb. Bu barədə Lent.az-a hökumətdəki mənbələrdən bildirilib. Belə ki, Rusiya tərəfi tələb olunan vəsaitin bir hissəsini ödəməklə və qarşılıqlı razılıq əldə olunmaqla öz gəmisini geri ala bilib.

Azərbaycanın Xəzər Dəniz Donanması məlumatı təsdiqləyib. Lakin donanmanın mətbuat xidmətindən Lent.az-a gəminin qaytarılmasının şərtləri barədə məlumatsız olduqlarını bildiriblər.

Xatırladaq ki, ötən il dekabrın 15-də Həştərxan şəhərindən Ənzəli limanına hərəkət edən, armatur və taxta materialları yüklənmiş Rusiyaya məxsus “Sarmat-1” gəmisi “Abşeron Bankəsi” ərazisində qəza vəziyyətinə düşüb. Gəmi rumpel bölməsinə suyun daxil olması səbəbindən batmaq təhlükəsi ilə üzləşib, sükan avadanlığı sıradan çıxdığından onun idarəçiliyi itirilib. Həmin gün “Sarmat-1”-in sahibi olan “Naviqator” QSC tərəfindən Xəzər Dəniz Neft Donanmasına gəmini xilas etmək barədə müraciət daxil olub. Donanmaya məxsus “Vadim Seyidov” qoşqu gəmisi uğurlu xilasetmə əməliyyatı apararaq, dekabrın 15-dən 16-na keçən gecə gəmiyə və yükə heç bir ziyan dəymədən Bakı limanının körpüsünə yedəklənmişdi.
“Sarmat-1”-in həbs olunmasına səbəb Rusiya tərəfinin gəminin xilas edilməsinə çəkilən xərcləri ödəməməsi olub. Belə ki, ödəmə ilə bağlı gəminin sahibi olan “Naviqator” Qapalı Səhmdar Cəmiyyəti ilə Xəzər Dəniz Neft Donanması arasında aparılan danışıqlar nəticə verməmişdi.

Əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, gəmi sahibi müxtəlif bəhanələrlə xilasetmə əməliyyatına aid lazımi sənədləri təqdim etməyib. Bununla da xilasetmə haqqında müqavilənin imzalanmasını ləngidib və nəticədə xilasetmə əməliyyatına görə çəkilmiş xərclərin alınması mümkün olmayıb. Bundan sonra Xəzər Dəniz Neft Donanması müvafiq konvensiyanın tələblərinə uyğun olaraq xilasetmə əməliyyatı ilə əlaqədar təzminat ödənilməsi barədə iddia irəli sürülüb. Lakin gəmi sahibi həmin iddia ilə razı olmadığını bildirib.
Xəzər Dəniz Neft Donanması məsələnin Beynəlxalq Dəniz Arbitrajında baxılması üçün Böyük Britaniyaya məxsus “Hill Dickinson” hüquq şirkətinin Yunanıstandakı nümayəndəliyinə müraciət edib. Məsələ arbitrajda həll olunanadək gəminin saxlanılması üçün 2 saylı Bakı yerli İqtisad Məhkəməsinə müraciət edilib. Məhkəmə isə iddiaçının ərizəsinin təmin edilməsi barədə müvafiq qərar çıxarıb. İddiaçı Xəzər Dəniz Donanması qarşı tərəfin 850 min avro ödəməsini tələb edirdi. Bakı Apellysiya Məhkəməsi də əvvəlki instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdı.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 743

Oxşar yazılar