Misir Mərdanov türkiyəli həmkarı ilə görüşüb
21 yanvar 2010 19:00 (UTC +04:00)

Misir Mərdanov türkiyəli həmkarı ilə görüşüb

Görüşdə iki ölkə arasında indiyədək imzalanmış protokolların yeniləşdirilməsi məsələləri müzakirə olunub

Bakıda səfərdə olan Türkiyənin milli təhsil naziri Nimət Çubuqçu rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün Təhsil Nazirliyində görüş keçirilib. Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, mövcud protokolların yeniləşdirilməsi məsələləri müzakirə olunub.

Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov iki ölkə arasındakı qarşılıqlı əlaqələrin qurulması mərhələlərindən danışıb. O, qeyd edib ki, hazırda Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində çoxtərəfli əlaqələr mövcuddur. Onun sözlərinə görə, hər ki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında iki mühüm sənəd imzalanıb. Həmin sənədlərdən biri 1998-ci ilin noyabrında Misir Mərdanovun Türkiyəyə rəsmi səfəri zamanı imzalanmış təhsil və elm sahəsində əməkdaşlıq protokolu, digəri isə 2000-ci ildə Türkiyənin milli təhsil naziri Mətin Bostançıoğlunun Bakıya səfəri zamanı imzalanmış təhsil və elm sahəsində imzalanmış əməkdaşlıq protokoludur.

Misir Mərdanov deyib ki, Türkiyə dövləti bu sənədlərə əsasən, azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərində dövlət xətti ilə təhsil almaları üçün 2008-ci ilə qədər hər il 150, 2008-ci ildən etibarən isə 125 nəfərlik kontingent ayırmaqda davam edir.

Türkiyənin milli təhsil naziri Nimət Çubuqçu isə səfərin əsas məqsədləri barədə məlumat verib. O qeyd edib ki, bu səfərdə əsas məqsəd indiyədək iki ölkə arasında protokolların icrası istiqamətində görüləcək tədbirləri müzakirə etməkdir. Bu məsələlər arasında diplomların qarşılıqlı tanınması, tələbə mübadiləsinin genişləndirilməsi, müxtəlif ixtisaslar üzrə təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri də var.

Elxan SALAHOV
# 337

Oxşar yazılar