Qara Yanvar faciəsilə bağlı Böyük Britaniyada da tədbir keçirilib
21 yanvar 2010 15:45 (UTC +04:00)

Qara Yanvar faciəsilə bağlı Böyük Britaniyada da tədbir keçirilib

Qara Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar böyük Britaniyadakı Azərbaycan Səfirliyi və Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin birgə təşkilatçılığı ilə faciə qurbanlarının xatirəsinin yad edilməsi ilə əlaqədar anma mərasimi keçirilib. Bu barədə Lent.az-a Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Anma mərasimində Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri, jurnalistlər, Səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirin əvvəllində şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edilib.
Mərasimi giriş sözü ilə açan Azərbaycan Evinin İdarə Heyətinin sədri Əli Təkin Atalar faciə və onun tarixi əhəmiyyəti ilə bağlı mülahizələrini bölüşüb. Daha sonra çıxış edən professor Qulamrza Səbri Təbrizi və Cənubi Qafqaz üzrə tanınmış britaniyalı tədqiqatçı, hadisələrin baş verdiyi günlərdə Bakıda olmuş professor Tamara Draqadze hadisələrin baş verdiyi şərait, bu günün tarixi əhəmiyyətini vurğulayaraq, faciənin Azərbaycanın milli istiqlalının təkrar əldə edilməsi istiqamətində özünəməxsus önəm kəsb etdiyini diqqətə çatdırıblar.

Mərasimdə çıxış edən səfir Fəxrəddin Qurbanov həmin günün Azərbaycan xalqı üçün hüznlü, həm də çox şərəfli gün olduğunu qeyd etmişdir. O, xalqımıza qarşı törədilən faciənin heç zaman yaddan çıxarılmayacağını və harada olmalarından asılı olmayaraq faciənin ildönümündə bütün azərbaycanlıların bir araya gələrək bu günü xüsusi ehtiramla yad etdiyini və şəhidlərimizin xatirəsini daim əziz tutduqlarını diqqətə çatdırıb. Səfir həmçinin bu kimi tarixi günlərin beynəlxalq ictimaiyyətə dolğun şəkildə bundan sonra da faciə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırcağına əminliyini vurğulayıb.
Çıxışlarda Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər bəşəriyyətə qarşı cinayət kimi səciyyələndirilib.

Çıxışların ardınca, 20 yanvar hadisələrindən bəhs edən “Tarixin bir günü, Bir günün tarixi” adlı videofilm nümayiş etdirilib. Filmdə zirehli texnikanın köməyilə dinc əhaliyə qarşı törədilmiş qətliam səhnələri əks olunub.
Sonda tədbir iştirakçıları 20 Yanvar hadisələri və həmin hadisələrin tarixi əhəmiyyəti haqda fikir mübadiləsi aparılıb.
# 338

Oxşar yazılar