Litvadakı soydaşlarımız 20 yanvar faciəsilə bağlı tədbirlər keçirib
21 yanvar 2010 14:45 (UTC +04:00)

Litvadakı soydaşlarımız 20 yanvar faciəsilə bağlı tədbirlər keçirib

Litvada yaşayan azərbaycanlılar Bakıda 1990-cı il yanvarın 20-də baş vermiş qanlı faciənin iyirminci ildönümünü silsilə tədbirlərlə qeyd edirlər. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Belə ki, Vilnüs şəhərində Litva Azərbaycanlıları Cəmiyyəti Litva Azərbaycan Assosiasiyası ilə birlikdə (ELTA) Litva informasiya agentliyinin toplantı zalında “Qanlı yanvar”a həsr edilmiş konfrans keçiriblər.

Bundan başqa, Litvanın paytaxtında 20 yanvar qətliamına həsr olunmuş mətbuat konfransı və beynəlxalq dəyirmi masa, həmçinin qanlı yanvar günündə Azərbaycanın müstəqilliyi və azadlığı naminə həlak olmuş şəhidlərin xatirəsini anma mərasimi keçirilib. Tədbirlərdə Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı Litva Respublikası seyminin üzvləri - Mantas Adomenas, Egidius Vareyskiy, Arturas Melyanos, dövlət və hökumət strukturlarından Litva Xarici İşlər Nazirliyinin Şərq əməkdaşlıq siyasəti departamentinin direktor müavini Marius Qudinas, XİN-in Orta Asiya və Cənubi Qafqaz ölkələri şöbəsinin rəhbəri Yonas Majeyka, Litva Xüsusi Araşdırmalar xidmətinin müdiri Jemantas Pasaviçus, Litva Mədəniyyət nazirinin şəxsi nümayəndəsi Vitas Karsukas, Litva prezidentinin xarici siyasəti həyata keçirən qrupunun məsul əməkdaşları, siyasətçilər, politoloqlar, tarixçilər, siyasi şərhçilər, mədəniyyət və dini xadimləri, KİV nümayəndələri, bəzi siyasi partiyaların üzvləri, eləcə də Litvanın digər milli icmaların rəhbərləri iştirak ediblər.

Anım tədbirlərinə qatılan soydaşlarımız və qonaqlar öncə 1991-ci il yanvarın 13-də Vilnüsdə baş vermiş faciənin qurbanlarının xatirəsini yad edib, Azərbaycan diasporu adından “Antakalnyo” memorial kompleksinin önünə əklil qoyublar.
Türkiyənin Litvadakı səfirliyinin dini məsələləri üzrə müşaviri Mustafa Azgün 20 yanvar şəhidlərinin xatirəsinə dualar oxuyub.

Tədbirdə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev, bu ölkənin tanınmış tarixçi və politoloqları İmantas Melyans Tomas, Çivas Ramunas Trimakas, hərbi jurnalist Riçardas Lapardis, ictimai-siyasi xadim Vladimiras Qrajulis 20 yanvar faciəsinin mahiyyəti, hadisənin baş verdiyi səbəblər və digər məsələlərlə bağlı tarixi arayışlar, analitik referatlar və yanvar hadisələrinin siyasi, hüquqi aspektlərini əhatə edən təhlillərlə zəngin çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan paytaxtına hərbi müdaxilənin əsl səbəbi kommunist rejiminin dağılmasına imkan verməmək, Azərbaycanda getdikcə güclənən xalq hərəkatını yatırtmaq və öz ölkəsinin azadlığı naminə mübarizə aparan qüvvələrin səsini boğmaq idi.

Anım mərasimində “Salnamə” studiyasında hazırlanmış Xamis Muradovun “Azadlığa aparan yollar” sənədli film və fotosərgi nümayiş etdirilib. Bununla yanaşı 1990-cı ilin yanvarında Amerikada nəşr edilmiş “The New-York Times” və “The Washington Post” qəzetlərində Bakıdakı qanlı hadisələr barədə dərc olunmuş obyektiv məlumatlar Litvanın KİV nümayəndələrinə və politoloqlarına paylanıb. Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin və Azər Qasımzadənin 1990-cı ildə yanvar hadisələrindən dərhal sonra birgə nəşr etdirdikləri “Təcavüz” adlı sənədlər və fotoşəkillər toplusu tədbir iştirakçılarına təqdim olunub.

Qeyd edək ki, qanlı yanvar hadisələrinin iyirminci ildönümü Litva KİV-də ətraflı işıqlandırılıb. 2010-cu il yanvarın 19 və 20-də Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyevin müsahibəsi Litva milli radiosunun canlı efirində litva və rus dillərində yayımlanıb. Yanvarın 19-da Litva milli televiziyasının “Panorama” informasiya proqramında Litvadakı Azərbaycan diasporunun faciə ilə bağlı keçirdiyi tədbirləri haqqında geniş reportaj verilib.
# 560

Oxşar yazılar