“Yuxu kimi”nin  gənc “qatili”   Lent.az-a DANIŞDI: “Belə olsa, bölgələr batar”
16 mart 2023 17:21 (UTC +04:00)

“Yuxu kimi”nin gənc “qatili” Lent.az-a DANIŞDI: “Belə olsa, bölgələr batar”

Lent.az bölgələrimizdə fəaliyyət göstərən teatrların aktyorlarını da diqqətdə saxlayır. Bu günkü qonağımız Gəncə Dövlət Dram teatrının aktyoru Ruslan Hüseynovdur. Onunla əyalət teatrlarının aktyorlarının rastlaşdıqları problemlər barədə danışırıq. 

 - Ruslan, bildiyimə görə, İncəsənət Universitetini bitirəndə paytaxt teatrlarından dəvətlər alsanız da, Gəncə Teatrını seçmisiniz. Səbəb nə oldu?

- 1994-cü ildə Gəncədə doğulub, burda da böyümüşəm. İncəsənət Universitetində Məmmədsəfa Qasımovun tələbəsi olmuşam. Doğrudur, Bakıda qalmaq şansım var idi, təkliflər gəlmişdi. Amma, doğma şəhərimə qayıtdım. Bakıda təhsil alan çox tələbələr elə Bakıda da qalmaq istəyir. Amma hər oxuyan Bakıda qalası olsa gərək bölgələrimiz batıb gedə. Bir az fərqli düşünmək lazımdır. Gəncə Teatrını seçərkən axına qarşı üzdüyümü bilirdim. Amma fərqliliyi sevirəm. Üstəlik Gəncə Dövlət Dram Teatrı Azərbaycan teatr tarixində öz sözünü demiş sənət ocağıdır. İnamla deyə bilərəm ki, bəzi məqamlarda paytaxt teatrlarını üstələyir. 2017-ci ildən burdayam.

 - Əyalət teatrlarında aktyorların əsas problemi nədir?

- Aktyor o zaman püxtələşir ki, dayanmadan yaradıcılıqla məşğul olur, kinoya çəkilir, dublyajlarda iştirak eləyir, müxtəlif teatrlara dəvət alır. Bu paytaxt teatrlarında mümkündür, bölgələrdə yox. Əyalət teatrının aktyorları bu imkandan uzaq düşürlər, məhdudiyyət yaşayırlar. Seriallara əsasən paytaxtdakı aktyorları dəvət edirlər. Aktyor üçünsə tanınmaq, üzdə olmaq, çoxlu rollar almaq önəmlidir. Bu mənada paytaxtın avantajı çoxdur. Paytaxt teatrlarında aktyorların maddi imkanları da, püxtələşmək imkanları da daha çoxdur. Tamaşaçı amili də çox önəmlidir. Paytaxtda tamaşaçı sayı daha çoxdur.

- Peşmansınız?

- Əsla.

 - Bəs gənc aktyorlar bölgə teatrlarına gedirlər? Sizin teatrda yeni nəsil aktyorlar varmı?

- Bəli var. Gənc aktyorlardan Murad Ruzigar, Elmir Məmmədov, Şahmar Məmmədov, Həsən Cəfərov, Emil Salmanov, Zeynəb Hüseynova, Sevinc Hüseynovanın adını çəkmək istərdim.

- Bildiyimə görə, Gəncə teatrında aktyor olmaq istəyən amma bu peşənin sahibi olmayan insanlara da qapıları açırlar…

- Belə bir söz var. Hər oxuyan Molla Pənah olmaz. Hər ali məktəbi bitirmiş aktyor bəyəm şedevr ortaya qoyur? Elə istedadlı insanlar var ki, onlar bir qədər öz üzərilərində işlədikdən sonra heç də peşəkarlardan geri qalmırlar. Bu mənada Gəncə Teatrı aktyor olmaq istəyən insanlara daha çox şans verir. Qızıl da yerin altından torpaqla qarışıq çıxır, emal olunur, ələnir, sonra qızıl olduğu üzə çıxır. Həvəsin varsa, niyə teatra üz tutmayasan? Sadəcə qayda-qanunlara əməl edilir. Diksiyası yoxlanılır, monoloq, şeir demək xüsusiyyətləri yoxlanılır, istedadı varsa, qəbul olunur. Gələcəkdə imkanı olarsa oxuyar. Azərbaycanın bir çox görkəmli sənətkarları, xalq artistləri olub ki, heç birinin ali təhsili olmayıb. Onlar olmasaydı, bu gün teatr sənətimiz olmazdı. Gəncə teatrının aparıcı aktrisası, Xalq artisti Pərvanə Qurbanovanın da ali təhsili yoxdur, amma sənətkarlığına kimsə şübhə edə bilməz.

- Hazırda hansı tamaşada oynayırsınız?

 - Hazırda “Xanuma” və “Kral ölür” tamaşalarında məşq edirəm. Ona qədər çoxlu sayda tamaşalarda, “Yuxu kimi” serialında, qısametrajlı filmlərdə, reklamlarda rol almışdım.

- Xaricdən təklif gələrsə gedərsən? 

- Əslində getməyi seçərdim. Baxmaq istəyərdim o ölkədə aktyorlar hansı texnika ilə işləyirlər. Sənəti püxtələşdirmək, daha yaxşı aktyor kimi yetişmək üçün gəzmək görmək lazımdır. Gedərdim, amma yenidən geriyə, Gəncəmə qayıtmaq şərtilə.

- Kimin sənətini daha çox bəyənirsiniz?

 - Al Paçino, Robert de Niro, Leonardo de Kaprionun dəsti-xəttini bəyənirəm. Azərbaycanlı sənətkarlardan Məlik Dadaşovun aktyor oyunu mənə daha çox xoş gəlir. Aktyor ömür boyu öyrənməlidir, bunun ən uca zirvəsi yoxdur. Hər aktyordan bir damla götürmək bizi püxtələşdirir. Əsas odur öyrənməyə açıq olasan. Öz teatrımızda da sənətinə baxıb məktəb keçə biləcəyimiz sənətkarlar olub və var. Ələddin Abbasovun bir Cahandar Ağasını qeyd etmək yetərli olar. İlham Hüseynov, Elxan Yunis, Pərvanə Qurbanova öz sənətlərində çox inkişaf etmiş, iz buraxmış aktyorlardır.

- Aktyorluğu özünüz seçdiniz, yoxsa test imtahanlarının nəticəsinə görə belə alındı? Aktyor olmasaydınız hansı peşəyə gedərdiniz? 

- Aktyor olmağı özüm seçmişəm. Bu səətə aşiqəm. Aktyor olmasaydım kim olarıdım bilmirəm, bunu heç düşünməmişəm. Dil bilgilərim var. Bəlkə tərcüməçi olardım. Amma, əvvəl - axır mütləq bu sənətə gələrdim.

- Müğənnilərin toy bazarı var. Aktyorlarda bu imkan olmur. Yəqin maddi çətinliklər olmamış deyil.

- Var. Hamı kimi bizdə də var. Amma işini sevirsənsə, bunlar gözə görünmür, dözürsən. Çox istərdim ki, Gəncədə də teatrların sayı çox olsun. Burda bir biz varıq, bir də Kukla Teatrı. Başqa teatrlar olsa, tamaşaçı sayı da artar, iş imkanları da.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937

Oxşar yazılar