Güllə yağışı altında qatır belində Türkiyəyə qaçdı, sirkdə kloun oldu...
Lent.az “Əlimiz çatmaz” adlı rubrikasında dünya ulduzlarının verdiyi müsahibələri təqdim edir. Qonağımız şöhrətli kinoaktyor, türk seriallarından sevərək izlədiyimiz, rəngarəng obrazların mahir ifaçısı, “Möhtəşəm yüz yıl”ın Sümbül ağası, “Veda mektubu”nun Ziyası Selim Bayraktardır.
- Selim bəy, uşaqlığınızı necə xatırlayırsınız?
- Çox çətin uşaqlıq illərim olub. Mən 1975-ci ildə İraqda, Kərkükdə doğulmuşam. 1980-ci ildə anidən başlayan İraq-İran müharibəsi xoşbəxt illərimə son qoydu. Ağır illər başladı, müharibə hamımıza travmalar yaşatdı. Uşağın əlindən oyunu ala bilməzsən. Müharibə olsa da, küçələrdə oyunlar oynayırdıq. Bir dəfə İran hərbi təyyarəsi başımızın üstündə partladı, içindəki pilotlar paraşütlə atlasalar da, elektrik naqillərinə çırpılıb həlak oldular, partlamış təyyarə küçəmizə, evlərimizin üstünə düşdü. Təyyarədəki mərmilər partladı və dəhşətli bir vəziyyət yarandı. Möcüzə nəticəsində sağ qaldıq. Hələ də, naqillərdən asılan pilot meyitləri, parçalanmış uşaq cəsədləri gözümün önündən getmir.
- Türkiyəyə nə zaman köçdünüz?
- 11 yaşım olanda. Turqut Özal sərhədlərin açılmasını əmr etdikdən sonra gələ bilənlər gəldi. Biz ailəvi karvana qoşulub qatırların belində günlərlə ac-susuz yol gəldik. Yolda karvanımızdan onlarla insan öldürüldü. Yenə də ölümü aldada bildim. Sərhədi keçdik. Məncə bu gün yaxşı aktyor sayılıramsa keçmişdə yaşadığım acı təcrübələrin təsiri var bunda. Çünki aktyor sənəti kədərdən, hüzndən bəslənən sənətdir. Rejissorun səndən istədiyi duyğuları keçmişdə tanımalı, bilməlisən ki, oynayasan. Ona görə, yaşadığım hər ana minnətdaram. 8 il Diyarbakırda teatrda işlədim. Anadoluda getmədiyimiz yer qalmadı. Avropanın ən böyük sirk qruplarından biri Türkiyəyə gəlmişdi, onlarla da işlədim, sirkdə təlxəklik (klounluq) edirdim. Amma bu gün də öyrəndiyim janqlyorluq nömrələrini rahatlıqla təkrar edə bilirəm.
- Sizi aktyor olmağa vadar edən səbəb nə idi?
- Mənim tək dərdim söz söyləmək imkanı idi.
- Bu qədər illər sonra nə söylədiniz izləyicilərinizə?
- Hədəfim çatacağım nöqtə deyil, getdiyim yolun özüdür. Bütün oynadığım rolların içində hər zaman bu ana fikir olub.
- “Veda mektubu”nda Ziya xarakterinin ilk sevgilisinə vida məktubu səhnəsi var. İlk sevgini xatırlayırsınız?
- 7 yaşımda divara dırmaşıb, qonşunun qızına baxardım.
- Qəhrəmanınız Ziya istəmədən evlənib. Siz məcbur olsanız belə evlənərdiniz?
- Yox, əsla. 100 il sonra bu həyatda olmayacağıq. Niyə belə iş görüm ki.
- 6 ildir sevdiyiniz qadınla birlikdəsiniz. Evlilik təklifi etdiniz?
- Keçən yay etdim. Üzüyü dənizdə gizlətmişdim. 4 metr dərinliyə baş vurub üzüyü çıxarıb ona verdim. Romantik təkliflər də bacarıram (gülür)
- Deyirlər, uşaq istəmirsiniz...
- Başqasına acı çəkdirmək istəmirəm. Dünyada insan sayı 10 milyarda çatıb. Bu dünyaya bir insan bəxş etmək üçün 100 dəfə düşünmək lazımdır.
- Siz də vida məktubu yazmısınız?
- Keçmiş arvadımdan ayrılanda sosial şəbəkədə ona yazdım. Daha elə məktublaşmaq zamanı deyil.
- Bəs ən çətin vidanız nə olub?
- 11 yaşımda tərk etdiyim uşaqlığımla vidam ən ağır duyğum olub. Uşaqlıq dostlarımın çoxu bombalar altında öldü. Doğulduğum ev darmadağın oldu, iki çamadan yüklə qatır belində ölkəmdən qaçdım. Ağır bir vidaydı bu.
- Rəssamlığınız da var. Və ən məşhur rəsminiz “Mən, yol və günəş”dir. Nədən bəhs etmisiniz burda?
- Rəsimdəki mənim uşaqlığımdır. Antalyaya gəldik. 50 dərəcə isti. Yoldaydıq, yoldan bir maşın belə keçmirid. Özümü dünyadan qopmuş kimi hiss edirdim. Mən, yol və yandıran günəş vardı sadəcə.
- Sizi Sümbül Ağa roluyla daha çox xatırlayırlar. Xədim bir saray qulluqçusu. Alışmadıqğımız bir xarakter…
- Sümbülə qədər teatrda 180 dəfə “Ərəb bacı” rolu oynamışdım. Sümbül Ağaya hazır idim. Ordakı replikaların, Sümbülün maneralarının, jestlərinin hamısı mənim tapıntım idi. Rola görə maraqlı reaksiyalar aldım. Bir dəfə təyyarədə kapitan pilot mənə yaxınlaşıb soruşdu ki, gerçəkdən xədimsiniz?
- Bir qadında ən qəbul etmədiyin, sevmədiyin şey nədir?
- Özünü kişi kimi aparması, təzyiq göstərməsi, “mən bilirəm, sən bilməzsən” deməsi.
- Sizə “çapkın erkek” demək olar?
- Yox. Əmək verdiyim münasibətləri sevirəm.