Bakı Uşaq Teatrı sentyabrın 9-u saat 12.00-da Siyəzəndə “Günahsız günahkarlar” tamaşası ilə teatr mövsümünün açılışını qeyd edəcək. Lent.az-ın xəbərinə görə, müasir dövrün qlobal problemlərindən olan insan alverinin qarşı mübarizəyə həsr olunan tamaşa gənclər və idman nazirliyinin sifarişi ilə hazırlanıb.
Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur olan mafiya oyunu üzərində qurulub. Gənclər yığışıb mafiya oynayırlar və özləri də bilmədən insan alveri ilə məşğul olan mafiyanın qurbanlarına çevrilirlər. Kimisi yüksək gəlirli iş adıyla, kimisi ailə qurmaq pərdəsiylə aldadılıb xaricə aparılaraq fiziki və cinsi istismara məruz qalır, kimisi orqan transplatasiyasının qurbanı olur.