Əməkdar artist Nərgiz Cəlilova AzTV-dəki işindən ayrılıb.
Lent.az-ın xəbərinə görə, Nərgiz Cəlilovanın dövlət televiziyasının nəzdində fəaliyyət göstərən akademiyadakı fəaliyyətinə son verilib.
Bu ilin yanvarında Əməkdar artist Nərgiz Cəlilovanın “Sözəbaxan” adlı verilişlə Azərbaycan Televiziyasında ekrana gələcəyi bildirilmişdi. Lakin 2 ay keçməsinə baxmayaraq proqram efirrə çıxmadı.
Nərgiz Cəlilovanın kanaldan getməsinə tərəflər arasındakı fikir ayrılıqlarının səbəb olduğu deyilir. Əldə etdiyimiz məlumatlara görə, AzTV-də köhnə əməkdaşlara qarşı təzyiq göstərilir və onlar iş yerlərini könüllü şəkildə tərk edirlər.
Məsələni dəqiqləşdirmək üçün AzTV ilə əlaqə saxladıq. Dövlət kanalının mətbuat xidmətindən Lent.az-a bildirildi ki, Nərgiz Cəlilova öz ərizəsi əsasında işdən ayrılıb və deyilən iddialar əsassızdır.
Nərgiz Cəlilova isə məsələni şərh etmək istəmədi.
Nərgiz Cəlilova karyerasına 1983-cü ildə AzTV-də diktor kimi başlayıb, uzun illər bu kanalda müxtəlif layihələrə rəhbərlik edib.