Lent.az “Ömürdən bir az” layihəsində məşhurların həyatından maraqlı hekayələrə davam edir.
1930-cu ilin bir qış günündə populyar cazmen Fets Voller konsertdən çıxıb evinə qayıdarkən 4 silahlı italyan tərəfindən zorla bahalı bir avtomobilə otuzduruldu. Cazmen nə olduğunu anlamırdı. Ona heç nə demədən, əllərini, gözlərini, ağzını bağladılar, danışmağa imkan vermədilər. Öldürüləcəyini düşünüb bərk qorxan adam gözlərini açanda özünü möhtəşəm “Şerman” otelinin konsert zalında gördü.
Ətrafda şık geyimli yüzlərlə qadın və kişi vardı. O güllələnəcəyini gözləyirdi, zaldakı insanlar isə onu alqışlar və təbəssümlə qarşıladılar. Cazmen özünə gəlməyə imkan tapmadan onu fortopianonun arxasına otuzdurdular və əmr etdilər: “Elə çal ki, sanki son çalmağındır və həyatın bundan asılıdır”.
Hər kəs ön sırada oturmuş şlyapalı, özündən razı adamın ətrafında dövr edirdi, o adamsa gözlərini musiqiçiyə dikib, siqarını tüstülədirdi. Bu məşhur mafiozi Al Kapone idi. Dostları onun caza olan sevgisini bildiklərinə görə, Fets Volleri oğurlayıb , mafiya başçısının ad gününə hədiyyə olaraq gətrimişdilər. Qorxudan az qala infarkt olan “hədiyyə” özünü toplayıb çıxış eləməyə başladı.
Bu konsert dayanmadan düz 3 gün davam elədi.Əlbəttə konsertdə başqaları da çıxış edirdilər. Lakin Fets Vollerə xüsusi diqqət var idi. Al Kaponenin ziyafətində cazmenin oxuduğu hər mahnıya görə 100 dollar verir, pul yağışına tuturdular. Fets Voller həmin qonaqlıqdan cibində 75 min dollar pulla qayıtdı.
O dövr üçün bu çox böyük məbləğ hesab olunurdu.
Qeyd edək ki, dünya şöhrətli qanqster və mafiya lideri Al Kapone ABŞ-da alkoqollu içkilərin satışına qadağa qoyulduğu dövrdə bu içkilərin qeyri-leqal tədarükündən milyonlar qazandı. Bundan başqa o küçə qadınlarına, qumar oyunları ilə məşhur kazinolara və şəhər reketlərinə nəzarəti bir əldə toplayıb, rəhbərlik edirdi.
Ümumi sərvəti 100 milyon dollardan çox olan Al Kaponenin ölümü də çox acınacaqlı olmuşdu.
Bəzi mənbələrə görə, o, 1947-ci ilin yanvarında o insult keçirib, sonra isə ürək tutmasından ölüb. Lakin başqa mənbələrin məlumatına görə, psixikası pozulmuş mafiozi mühakimə qabiliyyətini itirmişdi. Ölərkən düşünmə qabiliyyəti 12 yaşlı uşağın düşünmə qabiliyyəti qədər az olub və ağlını itirərək ölüb.