Bakıda Braziliya Film Festivalı başladı -FOTO
30 mart 2022 21:02 (UTC +04:00)

Bakıda Braziliya Film Festivalı başladı -FOTO

Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə, Mədəniyyət Nazirliyi və Braziliya Federativ Respublikasının ölkəmizdəki Səfirliyinin təşkilatçılığı ilə Bakı Braziliya Film Festivalının açılış mərasimi baş tutub.

Lent.az xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, mədəni əlaqələrin qurulması iki ölkə arasında münasibətlərin inkişafından xəbər verir:

“Bu il Braziliya üçün önəmli ildir. Mən cənab səfirə bu münasibətlə təbriklərimi çatdırıram. Belə festivalların keçirilməsi Azərbaycan mədəniyyətinin əməkdaşlığa açıq olmasının nümunəsidir. Azərbaycan mədəniyyətinin mahiyyəti multikulturalizmdir. Bunu bizim bütün mütəfəkkirlərimiz, alimlərimiz deyib. Bizim mədəniyyətimiz insanpərvərlik üzərində qurulub. Bunun təzahürlərindən biri də bu gün bizdən coğrafi baxımdan uzaq olmasına baxmayaraq, bir çox oxşarlıqlara sahib olan Braziliyanın 200 illiyinə bir töhfə kimi qeyd olunan bu festivaldır”.

Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz çıxışında festivalın əhəmiyyətindən bəhs edib. Səfir qeyd edib ki, nümayiş olunan filmlər vasitəsilə Braziliya mədəniyyətini daha yaxından tanımaq mümkündür:

“Təbriklər üçün Elnur Əliyevə təşəkkür edirəm. Mən azərbaycanlılarda Braziliyaya qarşı olan sevgini kəşf etmişəm. Braziliyalar və azərbaycanlılar pozitiv insanlardır, biz heç vaxt təslim olmuruq. Səfirlik olaraq Bakıda ilk Braziliya film festivalının baş tutmasına görə şadıq. Biz Bakıya beş filmlə gəlmişik. Bu filmlərin hər biri mükafatlara layiq görülüb. Nümayiş olunacaq filmlər sizin Braziliya ilə daha yaxından tanış olmağınıza kömək edəcək”.

Sonra “Qalib gəlmək üçün 10 saniyə” filmi nümayiş olunub.

Qeyd edək ki, festival aprel ayının üçünə qədər davam edəcək.

# 2400
avatar

Oxşar yazılar