Azərbaycanlı rəssamın xaricdə FƏRQLİ SƏRGİSİ  -FOTO
04 may 2022 10:50 (UTC +04:00)

Azərbaycanlı rəssamın xaricdə FƏRQLİ SƏRGİSİ -FOTO

Berlinin “QGallery” İncəsənət Qalereyasında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Leyla Əzimbəyovanın “Fərqli olaraq” adlı fərdi yaradıcılıq sərgisinin açılışı olub.

Lent.az xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və “QGallery Baku” Rəsm Qalereyasının dəstəyi ilə təqdim olunur.

Sərgidə çıxış edənlər Leyla Əzimbəyova yaradıcılığının xüsusiyyətlərindən danışıblar, rəssamı əlamətdar hadisə münasibətilə təbrik ediblər. Ona gələcək yaradıcılıq uğurları arzulayıblar.

Sərgidə rəssamın portret, peyzaj, kompozisiya və natürmort janrlarında çəkdiyi, dərin məzmun və yaradıcılıq xüsusiyyətləri ilə seçilən 36 rəsm əsəri nümayiş etdirilir. Bu əsərlərdə həyat eşqi, insan və təbiətə doğma münasibət diqqəti daha çox cəlb edir.

Tədbirdə tanınmış ziyalılar, alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Leyla Əzimbəyovanın sərgisi ilə paralel olaraq Berlindən olan rəssam Nizakət Sinanovskayanın da əsərləri təqdim olunur.

Sərgi mayın 12-dək davam edəcək.

# 2262
avatar

Oxşar yazılar