Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d'Asie) mükafatlandırma mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, festivalda Asif Rüstəmovun çəkdiyi “Mərmər soyuğu” filmi 3 mükafata layiq görülüb.
“Mərmər soyuğu” tammetrajlı bədii filmi Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalıdır. Filmdə baş rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur.
“Mərmər soyuğu” “Beynəlxalq jürinin böyük mükafatı, “NETPAC” jürisinin mükafatı və “Marc Haaz” jüri mükafatlarını qazanıb. “Mərmər soyuğu” 16-31 mart tarixlərində Bolqarıstanda keçiriləcək 27-ci Sofiya Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında yarışa qatılacaq.