Atasına spermasını göndərən, çəyirtkədən qorxan, tualetin altında dəfn edilən dəli dahi
31 mart 2023 20:15 (UTC +04:00)

Atasına spermasını göndərən, çəyirtkədən qorxan, tualetin altında dəfn edilən dəli dahi

Bu ekstravaqant rəssamı dünyada tanımayan yoxdur. Özündən sonra minlərlə əl işi, çoxlu sirlər və şayiələr qoyub getmiş sürrealist cərəyanın banisi Salvador Dalidən danışacağıq.
Lent.az “Bir ulduz axdı” rubrikasında  dahi dəlini xatırlayır.

Rəssam 1904-cü ildə İspaniyanın Fiqeras şəhərində varlı notarius ailəsində anadan olub. Dalinin özündən böyük Salvador adlı qardaşı olub. 3 yaşında qəfil ölən böyük qardaşdan az sonra Salvador doğulur və ailəsi  reinkarnasiyaya inanaraq  ölən uşağın ruhunun körpəyə keçdiyinə inanırlar. Salvadoru da ömür boyu buna inandırırlar. Elə bu qeyri-ordinar valideynlərin tərbiyə etdiyi uşaq ona görə ömür boyu öz qəribəlikləri ilə seçildi.

Rəssamın nadir fobiyası var idi - o, çəyirtkələrdən qorxurdu. O qədər qorxurdu ki, bu, bəzən onu əsəb böhranına aparırdı. Uşaqlıqda Dalinin bu xüsusiyyətindən sinif yoldaşları tez-tez istifadə edirdilər. “Uçurumun kənarında olsaydım və çəyirtkə üzümə tullansa, onun toxunuşuna dözməkdənsə özümü uçuruma atmağı üstün tutardım”, - deyə rəssam bildirib.

O, hər səhər qəribə şəkildə pəncərə qarşısında durub dünyaya elan edərdi : “Dali olaraq doğulmaq böyük xoşbəxtlikdir”.

Dali və Qala


Rəssam 1926-cı ildə tanış olduğu Rusiyalı məşhur vəkilin qızı, tanınmış şair Pol Eduardın həyat yoldaşı Qalaya dəlicəsinə vuruldu. Qadın da ona vurulmuşdu. İkisi də dəlisov, riskli, bir an üçün yaşayan adamlarıydı. Təəccüblü deyil ki, bir-iki ay keçməmiş Qala ərini tərk edib Dalinin məşuqəsi olmağa razı oldu.

Salvador dostunun arvadını əlindən alır, kompensasiya olaraq onun portretini çəkir. Qala ömürlük onun ilham pərisinə çevrilir.


Qalanın qəlbini fəth etmək üçün bu dəli rəssam maraqlı üsula əl atır. İlk görüşə cırıq köynəklə gedir, ətir əvəzinə  üstünə balıq qanı və keçi peyini sürtür, qoltuqlarının altını isə göy rəngli  boya və qanla rəngləyir. Dalinin sevgilisi də elə öz ağlındaydı, buna görə rəssamın qəribəliklərini heyranlıqla qarşılayır, sərməst olurdu.


Cütlük 3 il sevgili qaldıqdan sonra evlənir. Hər ikisi dəfələrlə kənarda başqaları ilə eşq macəraları yaşasalar da, sonda yenə bir araya gəlirdi. Onlar heç bir zaman ayrılmadılar.
Dali özünü dahi hesab edirdi, Qalanın onu gözündə yüksəltməsi rəssamın xoşuna gəlirdi.
Bu qadın Dalinin bütün həyatını işlərini idarə edirdi, əsərlərinin satışını özü təşkil edirdi. Hətta yol gedərkən avtomobilin təkəri partlayanda Qala düşüb dəyişir, rəssam özündən razı halda  kabinədə gözləyirdi. Lakin o qadınını çox sevirdi və çox zaman əsərlərində imza əvəzi Qala Salvador Dali yazırdı.


Salvador arvadının onu atıb gedəcəyindən həmişə qorxurdu. Qala aktyor Ceff Fenqoltla  eşq macərası yaşayırdı və ərini sakitləşdirmək üçün ona dərmanlar verirdi. Nəticədə Salvadorun əlləri əsirdi. Qala öldükdən sonra Salvador Dali heç vaxt  fırçanı əlinə almadı.


Dali Qalaya 1968-ci ildə balaca bir qəsr satın aldı. 1971-ci ildən etibarən Qala orda tək yaşamağa başladı və əri bu qəsrə yalnız məktub yazıb icazə aldıqdan sonra gələ bilərdi.


Dali “Çupa-çups” konfetlərinin dizayneridir. O “Çupa-Çups”un loqotipini yaratdı və pul əvəzinə xahiş etdi ki, hər gün ona bu konfetlərdən göndərilsin.


O reklam roliklərində çəkilir, modelyer Kristina Diorla birlikdə qeyri-adi geyim modelləri yaradırdı. O yapışdırma dırnaqları da icad edən adamdır. Bu gün xanımların sevərək istifadə etdiyi süni uzun dırnaqlar Dalinin yadigarıdır.

Dalinin yadda qalan cizgilərindən biri də bığlarıydı. O bığlarını XVII əsrdə yaşamış rəssam Dieqo Velaskesdən ilhamlanıb gözünə qədər uzatmışdı. Sonralar bığlar onu "vizit kartına" çevrildi.


O, publikanı heyrətləndirməyi, diqqəti öz üzərinə çəkməyi sevirdi. Məsələn bir dəfə ABŞ-a səfəri zamanı küçələrdə gəzərkən əlində 2 metr uzunluğunda çörək batonu ilə dolaşmışdı. Bir dəfə sərgiyə dalğıc geyimində gəlmiş, az qala havasızlıqdan ölmüşdü.

Adına dəli dahi deyilsə də, o dünyanın ən dahi adamlarından biri psixiatr Ziqmund Freydin sevimlisi idi.

Yatağa uzanmağı sevmir, stulda oturduğu yerdə yatırdı. Yatarkən ovcunda mütləq açar olmalı, ayaqları altına da dəmir sini qoyardı. Yuxulayınca barmaqları boşalır açar siniyə düşüb səs salar, o da  oyanıb işinə davam edərdi. Deyərdi ki, belə səksənib oyanmaq mənə ilham verir.

Həmsöhbətini təəccübləndirmək üçün danışarkən ingilis, fransız və ispan dillərini bir-birinə qataraq  söhbət edirdi.

Dəcəlliyinə görə 15 yaşında məktəbdən qovulmuşdu. Bir dəfə restoranda hamının hesabını özü ödəmək istədi, lakin nağd pul yox saxta çek verdi. Çekə bir neçə kəlmə ürək sözünü də yazdı. Restoran sahibləri bu çekin zamanla daha çox qiymətə minəcəyini düşünərək, onu nağdılaşdırmadılar. Ölümündən yalnız 30 il sonra dəli dahinin əl yazısı olan bu saxta çek bir kolleksioner tərəfindən milyon dollara alındı.

Onun ömrü boyu elədiyi qəribəliklər atasını çox incidirdi və o tez-tez məktublar yazaraq Dalini düz yola dəvət edir, ağıl verirdi. Buna cavab olaraq rəssam bir məktubun içinə öz  spermasını töküb atasına göndərmişdi. Və yazmışdı. “Mən sənə yalnız bunu borcluyam. Bundan yarandım. İndi sənə onu geri verirəm”.

Dali ömrünün son 7 ilində markiz zadəgan tituluna sahib olub. Bu dəli adam bir gün xəstəxanada yatarkən bildirdi ki, İspaniya kralı Xuan Karlosun ayağına gəlməsi istəyir. Qəribə olsa da, kral bu arzunu qəbul etdi və xəstəxanaya ona baş çəkməyə gəldi.

Onun balzamlaşdırılmış mumiyası doğam Fiqeras şəhərində öz adını daşıyan muzeyin altında basdırılıb.

Ölərkən də qəribəliyindən əl çəkmədi. Vəsiyyət etmişdi ki, məzarı muzeydə tualetin altında basdırılsın. Onun basdırıldığı yerin üstündə qadın və kişi tualeti yerləşir. 

Övladı yox idi. Bütün əsərlərini İspaniya dövlətinə bağışlayaraq öldü. Amma o ömrü boyu özünü ispan yox, kataloniyalı hesab edirdi.

Qaladan sonra Dalinin həyatı əvvəlki çılğınlıqla davam etmədi. O qaraqabaq, depressiv adama çevrildi.

Dahi dəli 1982-ci ildə 85 yaşında ürək tutması nəticəsində öldü.


 

# 16332
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar