“TikTok”dakılara “çuşka”  deyənlər indi oradan çıxmırlar -  Trendə düşən müğənni ilə  MÜSAHİBƏ
13 yanvar 2023 17:17 (UTC +04:00)

“TikTok”dakılara “çuşka” deyənlər indi oradan çıxmırlar - Trendə düşən müğənni ilə MÜSAHİBƏ

Lent.az musiqiçi, bəstəkar, "Tufan var" mahnısı ilə tanınan Ceyhun Səmədovla müsahibəni təqdim edir.

-    Özünüzü təqdim edin. “Tufan var” mahnısı vasitəsilə tanıdığımız Ceyhun Səmədov kimdir?
-     Ceyhun ifaçı, bəstəkar və mahnılara söz yazan biridir. 

-    Uğurlu olmaq, tanınmaq üçün gənclərə nə lazımdır? Özünüzü uğurlu hesab edirsiniz?
-    Tanınmaqla uğurlu olmaq fərqli şeylərdir. Tanınmaq istər musiqidə, istərsə də digər sahələrdə çox asandır. Uğurlu olmaq isə tanınmaqla yanaşı keyfiyyətin balansı deməkdir. İşə keyfiyyətli yanaşmaq lazımdır. Əvvəla, özüm buna cavab verə bilmərəm, bunu dinləyicilərdən soruşmaq lazımdır. 

-    Bir çox insan “Tufan var” mahnısı ilə tanıyıb sizi. Bu mahnı əslində nədən bəhs edir? 
-
    Dilini bilmədiyimiz mahnıları dinləyərkən belə üzülə, sevinə bilərik. Halbuki sözlərinə baxsaq, orada bizim düşündüklərimiz və ya keçirdiyimiz hisslərin tam əksini də görə bilərik. Buna dinləyici fantaziyası deyirlər. "Tufan var" da həmçinin. Sadə cümlələr üzərində yazılmış, lakin çox dərin hisslərlə bəstələnmiş mahnıdır. Bunu da qeyd edim ki, bu mahnı təbiətdəki tufandan, qardan söz etmir. İçimizdəki tufandan bəhs edir. El dilində gündəlik istifadə etdiyimiz sözlər kimi "dondum qaldım yerimdə", “başıma qaynar sular töküldü", "əl-ayağımı buz kəsdi " və s. kimi “Tufan var” da soyuyan münasibətlərdən, xəyanətlərdən, uzaq məsafələrdən, xəyanətə uğrayan insanın üşüməsindən, heç nəyə baxmayaraq, hələ də sevməsindən, onu qorumağa çalışmasından bəhs edir. Tarixçəsi çox uzundur və mahnını bir dostumun, özümün də şahid olduğum sevgi hekayəsindən təsirlənib yazmışam. 

-    “TikTok”u yəqin izləyirsiniz. Jurnalist Cavid Osmanov deyib ki, “TikTok”da “çuşkalar” inanılmaz tandem yaradır. Razısınız?
-     “TikTok” bizim iç üzümüzdür. Qısa bir müddətdə məşhurlaşdığı üçün onu çox tənqid etdilər. Əslində, biz “TikTok”u yox, özümüzü tənqid edirik. Burada platformanın səviyyəsindən söz gedə bilməz. “TikTok” aramızdakı baryeri açdı, reallıq budur. Biz sadəcə böyük bir kütlə olaraq orada bir araya gəlirik. Hətta sonradan həmin o tənqid edənlər öz səhifələrini digər platformalarda reklam etməyə başladı. Orada xoşagəlməz hal odur ki, senzura yoxdur. İstənilməyən videolar qarşına çıxır, axı “iqnor” etmək kimi də funksiya var. Cavidin fikrinə gəldikdə isə onunla tanışlığım çox uzun zamana dayanır. O, həm də yaxşı musiqiçidir. Dedikləri ilə razı olsam, mən də kimlərəsə “çuşka” deməli olacağam. Məncə, bir az “relaks” olub, ortaq nöqtələr yaratmalıyıq. Məsələn, bizim xalq olaraq ortaq nöqtələrimiz çox azdır. Ortaq nöqtələr insanları bir araya gətirir, biz isə hər zaman qruplaşmağa üstünlük veririk. 

-    Deyirlər ki. Meyxana azyaşlıları cinayət aləminə səsləyir. Razısınız?
-    Musiqi ruh işidir. İnsana təmas etmir. Biz - musiqiçilər dinləyicilərdən fərqli olaraq dinlədiyimiz musiqini 4 əsas kanala ayırırıq. Birinci ifadır, ikinci sözləri, üçüncü ötürdüyü hisslər, dördüncü isə instrumental. Bu saydıqlarımdan hər hansısa keyfiyyətli olsun və marağımı çəksin, bəsdir. Əlbəttə ki, meyxana da dinləyirəm, söz sənətidir. Yaxşı deyişmələr qarşıma çıxanda baxıram. Maraqlıdır. Təəssüf ki, meyxanada cinayətə sövq edən ifalara da rast gəlmək olur, amma bunu ümumiləşdirmək doğru deyil. 

-    Yeniliyə açıq birisiniz. Bunu seçdiyiniz janrdan, mahnılarınızdan bilmək olur. Özünüzdə musiqi ilə bağlı arzularınız nələrdir?
-   Əvvəl “karavan”la dünyanı səyahət edən küçə musiqiçisi olmaq istəyərdim. Kəmiyyətlə keyfiyyət ayrıdır mənim üçün. Çox az qazanacağam, amma istədiyim həyatı yaşayacağam. Elə həyat tərzi çox maraqlıdır, sonra gördüm ki, bu, elə də asan bir şey deyil. Reallıq tam başqadır. Xəyalını qurduğumuz ölkələr gözlədiyimiz kimi bizə qucaq açmır. Geniş meqapolislərin içində mərhəmət yoxdur, qəddardırlar. Anladım ki, ətrafımdan, dostlarımdan, ailəmdən qopub uzaqlara gedə bilmərəm. Burada özüm üçün nələrsə etməyə çalışıram. Ən böyük arzularımdan biri də küçə heyvanlarına sığınacaq yaratmaqdır. Düşünürəm ki, Azərbaycanda heyvan sığınacaqları çox azdır. Standartlara sığmıram, 10 ildən sonra daha fərqli ola bilərəm. Hər zaman zövqlər, istəklər dəyişir. Hazırkı düşüncəmlə özümü Kaliforniya sahillərinə yaxın bir evdə, bir ev dolusu musiqi ləvazımatları ilə təsəvvür edirəm. 

-    Azərbaycan gəncinə nə demək istəyərdiniz?
-    Azərbaycan gəncinə çox uzun mesaj vermək istəmirəm, heç kimi dinləməsinlər. Rahat olsunlar. Öz həyatlarını kimlərinsə düşüncələrinə görə yox, öz istəklərinə görə qursunlar. Bu həyat onlarındır. Sevgi ilə qalın.

# 3783
avatar

Nigar Namiq

Oxşar yazılar