Nazilə Səfərli
02 iyun 2022 11:20 (UTC +04:00)

Nazilə Səfərli

Nazilə Səfərli: “Alqayıt dedi ki, nəsildə bir kişi yoxdurmu, arvad çıxartmısız?”

Bu günlərdə Nazilə Səfərli  sosial şəbəkə hesabından mədəniyyət nazirinə müraciət edərək “Bütün səfərlərə, qastrollara ancaq seçilmiş adamları göndərirsiniz, mən və mənim kimi yüzlərlə insan kənarda qalır. Qarabağa getmək özəl bir qabiliyyət tələb edir? Biz pisiksə, niyə əksəriyyətinizin balalarının toylarına dəvət edirsiniz, yaxşıyıqsa nə üçün o tədbirlərdən kənarda qalırıq” şəklində irad bildirmişdi. Lent.az olaraq istədik görək, şairə xanıma nazirlikdən cavab gəldimi, elə danışmışkən onun  danışmaq sənətindən də, yəni tamadalıqdan da söz saldıq.

- Nazilə xanım, Mədəniyyət  Nazirliyindən müraciətinizə cavab gəldi?

- Heç br cavab gəlmədi, elə bil heç belə bir müraciət olmayıb. 

- Sizə şair yox, tamada deyəndə bu sizi əsəbiləşdirir?

- Zəlimxan Yaqub Xalq şairi idi, amma toy aparırdı, tamada ağıllı, nüfuzlu adama deyiblər ki, böyük bir məclisi idarə eləyə bilsin.

- Yalnız qadın məclislərini idarə edirsiniz, yoxsa ...?

- Kişi də bizim atamız, qardaşımız. O nə deməkdir?

- Tamada kimi işə başlamaq çətin deyildi? 

- Kişi tamadalar qadın tamadaları qəbul edə bilmirdilər. Mən yeni-yeni toy aparmağa gedəndə toylarda ən çox tamadalıq edən Alqayıt, Ağalar Bayramov idi. Meydan onların meydanıydı. Onlardan bir az sonra Pünhan İsmayıllını tanıdım. Yəni o bəlkə də meydanda vardı, mən tanımamışdım.

- Bir zamanlar, Alqayıt üzdə olan müğənnilər qədər məşhur idi, kasetləri, səsyazmaları yayılırdı, üzünü tanımasaq da, səsini tanıyırdıq, sevirdik.

- Birdən-birə bilirsiniz nə baş verdi? Bir Nazilə çıxdı və Alqayıtdan 3 dəfə baha qiymətə toya getməyə başladı. Alqayıt məni toy bazarından çıxarmağa çalışırdı, efirdən “nəsildə bir kişi yoxdurmu onun qabağına arvad çıxartmısız, bunun sərxoşu, içkilisi var” demişdi.

- İlk qadın tamada siz idiniz?

- Bəli.

- Bəs necə oldu ki, tanınmayan biri olaraq, şöhrəti Azərbaycandan kənarlarda yayılmış Alqayıtdan daha baha qiymətə toya getdiniz?

- Birdən-birə deyəndə, əvvəlcə yaxınların, qohumların məclislərində danışırdım. Sonralar danışıq qabiliyyətimi görüb, məclislərini mənə həvalə edirdilər. Sonra bir gün məcburi köçkün gəncin toyunu aparmalı oldum. Kəlbəcərli idi. Kasıb, imkansız ailələrdə toy olanda elə məni çağırırdılar. 

- Elit toylara qapılar necə açıldı?

- 2003-cü il idi. Hörmətli, nüfuzlu bir qardaşımızın qapısında fəhlə işləyən bir oğlan var idi. Ev sahibi olan həmin qardaşımız baxır ki, fəhlənin nə üçünsə kefi yoxdur, işləsə də halı özündə deyil. Soruşur ki, nə olub? Fəhlə cavab verir ki, sevdiyim qızı ərə verirlər. Ev sahibi  də, “sən qızı qaçırt, toyu mən edirəm” deyir. Fəhlə oğlan qızı qaçırdır və ev yiyəsi də təcili məclis düzənləyir. Mənə dedilər sabah toydu, səni də toyu idarə eləməyə çağırırlar. Aldım əlimə mikrofonu. Yalandan deməyim ki, çox rahat idim, həyəcan da var idi. Özümü psixoloji hazırladım ki, çaşmaq, kəkələmək, güvəni itirmək olmaz. Beləcə toyu layiqli şəkildə yola verdik. 

- Bununla belə Nazilə Səfərli adı çox sonralar məşhurlaşdı. Şou aləminə gəlişinizdən sonra. Bu necə oldu?

- Günlərin bir günü müğənni Əlikram Bayramovu aldatdım. 8 Mart günü restoranlardan birində şou proqram təqdim edirdi. Düşündüm ki, evdə otura-otura nə təcrübə toplayacam, nə də irəliləyiş olacaq. Gəldim Əlikrama dedim ki, ver bu proqramı mən aparım. Soruşdu “sənin aparıcılığın, təcrübən varmı?”. Başladım ki, bağ belə bostan belə, məndən yaxşı məclis aparan var? O da mənə inandı, estafeti verdi. Həmin gün mən publikanı ələ ala bildim .

- Bildiyimə görə ali təhsiliniz hüquq üzrədir. Şou dünyası hara, hüquqşünaslıq hara? Nə üçün bu peşəni seçdiniz?

- Mən öncə tamadayam. Təhsili sonra almışam. Hüquq diplomunu əlimə alanda toy karyeram artıq özünü göstərmişdi. Ona görə özümü hüquq sahəsində heç sınamadım.

- Amma incəsənət sahəsində oxuya bilərdiniz, hüququ seçdiniz. Niyə?

- Özümü ali təhsilli incəsənət xadimlərindən aşağı görmürəm. Bu gün Azərbaycanda çox insanın diplomu işlədiyi sahəyə aid deyil, onlara o sualı verən yoxdur. Qoyuna gedən quzuya getmir?

- İndi toylarımzda ən bahalı tamadalar kimlərdir?

- Onlar tamada sözünü özünə yaraşdırmırlar, toy aparıcısı deyirlər. Amma toy idarə edirsənsə, tamadasan. Məsələn, teleaparıcı Nəsib Nur, Saleh Bağırov yaxşı toy aparanlar sırasındadır.

- Amma yaxşı ayrı anlayışdır, bahalı ayrı...

- Elə adını çəkdiklərim həm də ən baha toy aparan tamadalardırlar.

- Qadın rəqibləriniz kimdir?

- Rəqib deyil bəyəndiyim xanım  tamadalar var. Afaq  Gəncəli, Nərgiz Cəlilova, Kamilə Babayeva çox güclü  toy aparıcılarıdırlar. 

- Toya öncədən hazırlaşırsınız? Ya sinədəftər olmaq yetir?

- Öncə ailəni tanıyıram, onların istəklərini öyrənirəm. Qazaxdakı toyla Qusardakı toyun nitqi eyni ola bilməz. Elə toy var orda şeir deyilmir, toy, ümumiyyətlə, poeziya gecəsi deyil. Elə yer var oranın publikasının öz tələbatı var. Nəzərə almaq lazım gəlir. Toyu təkcə idarə etmirəm. Təşkil də edirəm. Dekor, dizayn bədii heyət, müğənnilərin sıralanması. Elə eləməlisən heç kim narazı qalmasın. Toy elə başlı başına getmir. Mənim oğlumun toyundan hamı danışdı. Bunu ən xırda təfərrüatına qədər özüm etmişdim

- Yəni şirkətiniz var? Məsələn rəqqasə Fatimənin xınayaxdı təşkil edən balaca bir şirkəti var.

- O barədə məlumatım yoxdur. Toy təşkilatçılığı üçün obyektdə oturub müştəri gözləmək lazım deyil. Obyekt mənim telefonumdur. Bir kabinetdə oturub müştəri gözləmək boş adamın işidir. Mən boş adam deyiləm.

- Ayda nə qədər toy dəvəti alırsınız?

- Pandemiyaya görə vəziyyət məlum idi. Qabaqkı kimi toylar yoxdur. Çox şeyləri azaltdılar toyla bağlı. Bir yandan da yaxşı oldu. Belə də olmalıydı.

- Şəxsi fikrimdir. Məncə xınayaxdı məclislərini bu məclisləri təşkil edənlər yenidən dəbə saldılar. Bir ara nişan, xınayaxdı kimi məclislər sırf xərc-borc az olsun deyə ixtisar olunmuşdu. Hər şey elçilik və toyla bitirdi.

- Xınayaxdını dəbə elə mən saldım.

- Qazanc yoxsa ənənələri yada salmaq məqsədilə?

- Keçmişdə qız toyu olmazdı. Qızın ancaq xınası olardı, gəlin köçərdi toyu oğlan edərdi. Ənənələri qaytardıq.

- Tamadalar toy sahibindən nə qədər zəhmət haqqı tələb edir?

- Tamada var 50 manata gedir, tamada var 5000 manata. Markalanmış adlar var ki, onlar 7000 manatdan aşağı razılaşmırlar. 

- Siz özünüzü bu sahədə brend sayırsınız?

- Bəli.

- Nazilə xanım, təki toy olsun.

- Bəli, arzu edən hər kəsə Allah bu gözəl günü nəsib eləsin.

# 8760
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar