Qanunsuz sosial yardım düzəldən məmurun işi MƏHKƏMƏDƏ
09 mart 2021 11:43 (UTC +04:00)

Qanunsuz sosial yardım düzəldən məmurun işi MƏHKƏMƏDƏ

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağcabədi filialının vəzifəli şəxsi barədə açılan cinayət işi üzrə istintaq tədbirləri başa çatıb.

Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, DSMF-nin Ağcabədi rayon filialında sosial müavinətlərin təyin edilməsi ilə bağlı yol verilmiş qanunsuzluqlara dair daxil olmuş müraciət əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı DSMF-nin Ağcabədi rayon filialının müavinət sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Bayramov Fariz Nəriman oğlunun xidməti vəzifəsinin icrası ilə əlaqədar 2018-2020-ci illər ərzində ünvanlı dövlət sosial yardımın təyin olunmasına köməklik edəcəyi müqabilində ayrı-ayrı rayon sakinlərinin kart hesabına köçürülmüş ödənişlərin ilk bir neçə aylıq məbləğini istəyərək müxtəlif vaxtlarda və yerlərdə nağd şəkildə almasına, həmçinin vətəndaşların bank kartlarını özündə saxlamaqla aylıq köçürülən pul vəsaitlərini nağdlaşdıraraq ümumilikdə 13 min manat məbləğində vəsaiti rüşvət qismində əldə etməsinə və sosial müavinət təyin etdirəcəyi adı ilə vətəndaşa məxsus xeyli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Fariz Bayramov Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma – təkrar törədilməklə), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Mehman Nəbiyev

Oxşar yazılar