Dövlət satınalmalarından kim qazanır?
28 oktyabr 2009 17:00 (UTC +04:00)

Dövlət satınalmalarından kim qazanır?

İTYİB “Dövlət satınalmaları haqqında” qanundakı boşluqların aradan qaldırılması üçün təkliflər hazırlayıb

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Azərbaycanda dövlət satınalmaları sistemində şəffaflıq” mövzusunda elan etdiyi jurnalist araşdırmaları müsabiqəsi çərçivəsində seminar keçirib. Seminarda müsabiqənin məqsədləri, şərtləri barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Həmçinin bütövlükdə Azərbaycanda dövlət satınalmalarının vəziyyəti barədə müzakirələr aparılıb.


Lent.az-ın məlumatına görə, İTYM-in sədri Azər Mehtiyev bildirib ki, rəhbəri olduğu təşkilat ötən ilin sentyabrında “Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsinə yardım” adlı layihənin icrasına başlayıb. Gələn ilin sentyabrınadək davam edəcək layihənin əsas məqsədi ölkədə dövlət satınalmalarına ictimai nəzarətin gücləndirilməsi, bu sahədəki boşluqların müəyyənləşdirilməsi və onların həlli yollarının tapılmasıdır. Azər Mehtiyev qeyd edib ki, bu layihə həm də dövlət satınalmalarını təşkil edən qurumlar arasında məlumat mübadiləsinin, habelə hüquqi bazanın və Azərbaycanda dövlət satınalma praktikasının təkmilləşdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, layihənin il ilində görülən işlərə dövlət satınalmaları sahəsində analizlərin aparılması, növbəti ildə isə bu analizlərin nəticələrinə uyğun vəkillik işinin təşkili daxildir.


Layihənin assistenti İsa Əliyev isə bildirib ki, ötən bir ildə Azərbaycanda və beynəlxalq təcrübədə satınalmalar sistemi araşdırılıb. Bundan sonra beynəlxalq standartlar əsasında təhlillər aparılıb və ümumiləşdirilmiş analiz hazırlanıb. Onun sözlərinə görə, növbəti mərhələdə inkişaf etmiş ölkələrdə satınalmalar sisteminin işinin necə qurulduğu müəyyənləşdirilib və həmin sistemin Azərbaycanda tətbiqi imkanları araşdırılıb. Həmçinin “Dövlət satınalmaları haqqında” qanun təhlil olunub və oradakı boşluqların aradan qaldırılması üçün təkliflər hazırlanıb.

İTYİB-in sədr müavini Rövşən Ağayev isə layihə çərçivəsində jurnalistlər arasında keçirilən müsabiqə barədə məlumat verib. O qeyd edib ki, bu müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycanda dövlət satınalmaları sahəsində mövcud problemləri aşkarlamaq, bu sahədəki problemləri ictimaiyyətin diqqətinə çatdırmaq və beləliklə də onun həllinə çalışmaqdır.

Xatırladaq ki, müsabiqədə yazılı və elektron KİV-də çalışan bütün jurnalistlər iştirak edə bilərlər. Bunun üçün jurnalistlər dövlət satınalmalarına dair dərc olunmuş araşdırma yazılarını noyabrın 30-dək müsabiqə komissiyasına təqdim etməlidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar