Azərbaycanla bağlı beynəlxalq qalmaqalın növbəti raundu
05 oktyabr 2009 16:00 (UTC +04:00)

Azərbaycanla bağlı beynəlxalq qalmaqalın növbəti raundu

“Fimbank”ın Azərbaycan dövlətinə qarşı iddiası ilə əlaqədar növbəti məhkəmə iclası olacaq

Maltanın “First International Merchant Bank” Ltd.-nin (FIM Bank) Azərbaycan dövlətinə qarşı Rotterdam Məhkəməsinə iddiası ilə əlaqədar 6-7 oktyabr 2009-cu il tarixlərində növbəti məhkəmə iclası keçiriləcək.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Rotterdam Məhkəməsinin 24 dekabr 2008-ci il tarixli qərarı ilə FIM Bank-ın tələblərinin, ilkin olaraq, sübuta yetirilmədiyi müəyyən edilib.

Məhkəmənin qərarı ilə FİM Bank-a əlavə sübutların təqdim olunması və şahidlərin dindirilməsi imkanı verilib. İddiaçının maraqlarını “Loyens & Loeff”, Azərbaycan dövlətinin maraqlarını “Eversheds Faasen” hüquq şirkətləri təmsil edir.

Prosesdə Azərbaycan tərəfinin nümayəndəsi kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov iştirak edəcək. Azərbaycanda fəaliyyət göstərən “Poçtbank” Səhmdar-Kommersiya Bankı külli miqdarda borcu yarandığı üçün Azərbaycan hökuməti adından müəyyən sənədlər təqdim etməklə FİM Bank-dan kredit alıb. FİM Bankda həmin sənədlərin həqiqi olmadığını bilsələr də, ikitərəfli razılaşmalar nəticəsində kredit ayrılıb.

Bu sənədlərdə göstərilib ki, guya Rabitə Nazirliyinə məxsus olan “Aztell” və “Baktell” şirkətləri (əslində, bu şirkətlər mövcud olmayıb) üçün telekommunikasiya avadanlıqları alınacaq və həmin vəsaitin geri qaytarılmasına dövlət Rabitə Nazirliyi qismində zəmanət verir. “Poçtbank” bu krediti qaytara bilmədiyi üçün FİM Bank onu Azərbaycan dövlətindən almaq məqsədilə müxtəlif ölkələrdə məhkəmələrə müraciət edib.

İddia ərizələrinin təmin olunması üçün görülmüş tədbirlər nəticəsində Azərbaycanın Hollandiyada “New Skies Satellites N.V.” şirkətindəki 50 000 ədəd səhminə, Fransada “Eutelsat S.A.” şirkətindəki 500 000 ədəd səhminə və səhmlərdən əldə edilən dividentlərə, Bermuda adalarında qeydiyyatdan keçmiş İntelsat ltd. şirkətindəki payına həbs qoyulması barədə qərar çıxarılıb.

2006-ci il noyabrın 10-da Paris Yuxarı İnstansiya Məhkəməsi Paris Məhkəməsinin Eutelsat S.A. peyk rabitəsi şirkətindəki Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 500 min səhminə və bu səhmlərdən əldə edilən dividentlərə həbs tədbiri icra edilməsi barədə 8 iyul 2004-cü il tarixli qərarını ləğv edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821

Oxşar yazılar