Kəmaləddin Heydərov və Rövnəq Abdullayev Qazaxıstandadırlar – FOTO
05 oktyabr 2010 18:24 (UTC +04:00)

Kəmaləddin Heydərov və Rövnəq Abdullayev Qazaxıstandadırlar – FOTO

Vesti.az-ın Astanadakı müxbirinin xəbərinə görə, forum iştirakçıları əvvəlcə Qazaxıstanın uğurlarından bəhs edən neft-qaz sərgisi ilə tanış olublar.

Forum iştirakçılarını salamlayan Qazaxıstanın baş naziri Kərim Mənsimov Xəzəryanı dövlətlərin dənizin ekoloji tarazlığını qorumaq üçün atdıqları addımlardan danışıb. Baş nazir çıxışında Meksika körfəzində baş verənləri xatırladıb və bunun Xəzər hövzəsində baş verməsini arzulamadıqlarını dilə gətirib.

Daha sonra forum çərçivəsində “Avrasiyanın enerji xəritəsi: risklərin balansı və yeni imkanlar ” adlı konfrans keçirilib.

Konfransda çıxış edən Qazaxıstanın neft və qaz naziri Sauat Mınbayev ölkəsinin hələ yaxın 40-50 ildə hər il 80-100 milyon ton neft ixrac etmək gücündə olduğunu, indi hər il Tengiz-Novorosiysk kəməri ilə (Xəzər Boru Kəməri Konsorsiumu) 27,5 milyon ton neft nəql etdiklərini bildirib.

ARDNŞ-nın prezidenti Rövnəq Abdullayev isə çıxışında Azərbaycan və Qazaxıstanın neft şirkətlərinin birgə əməkdaşlığının əhəmiyyətli olduğunu bildirib.

O həmçinin qeyd edib ki, Azərbaycanda neft strategiyasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bunun nəticəsində 15 ölkəni təmsil edən 34 şirkətlə 30-dan artıq neft-qaz sazişi imzalanıb. R. Abdullayev 2015-ci ilədək Azərbaycanda illik neft hasilatının 60 milyon tona çatacağını da bildirib.

R. Abdullayev Bakı-Tiflis-Ceyhan neft boru kəməri ilə bağlı da məlumat verib. O, bu kəmər vasitəsilə Azərbaycanın ildə 80 milyon ton nefti dünya bazarına çıxarmaq imkanı olduğunu vurğulayıb.

Artıq Azərbaycanın qaz ixracının diversifikasiya olunduğunu deyən şirkət rəhbəri xam məhsulun Rusiya, İran, Gürcüstan və Türkiyəyə nəql olunduğunu deyib.

ARDNŞ rəhbəri bununla yanaşı Azərbaycanın dəmir yolu vasitəsilə Qazaxıstan və Türkmənistanın 7 milyon ton həcmində neft göndərdiyini deyib.

R. Abdullayev hazırda Xəzər regionunda hasil olunan təbii qazın Avropaya nəqli ilə bağlı altı layihə üzərində danışıqların aparıldığını bildirib.

Azərbaycanın karbohidrogen ehtiyatlarının 4 milyard ton olduğunu deyən ARDNŞ prezidenti perspektivdə bu göstəricinin iki dəfədən çox artacağını istisna etməyib.

Forum öz işini sabah da davam etdirəcək.

Sabah forumda fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Dəniz akvatoriyasının neft və texniki çirklənmələrinin qarşısının alınmasında Xəzəryanı dövlətlərin əməkdaşlıq siyasəti” mövzusunda çıxış edəcək.

Bu səfər çərçivəsində Azərbaycan və Qazaxıstan fövqəladə hallar nazirlikləri arasında əməkdaşlıq sazişlərinin imzalanması gözlənilir.
# 1860

Oxşar yazılar