4 layihəyə 4,9 milyon manat xərclənəcək
05 oktyabr 2010 16:49 (UTC +04:00)

4 layihəyə 4,9 milyon manat xərclənəcək

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) kiçik və ya orta həcmli meyvə emalı müəssisələrinin yaradılması üzrə maliyyələşdiriləcək investisiya layihələri barədə qərarı açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş 4 investisiya layihəsinin (Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1, Aran iqtisadi rayonu üzrə 1) ümumi investisiya tələbatı 4,9 milyon manatdır. “Ələddin Fermer” MMC, “ACRİM ASİA” MMC, “Dağ çiçəyi” müəssisəsi və “SAF” MMC-nin təqdim etdiyiu layihələrin reallaşmasına 2,8 milyon manat güzəştli kreditin ayrılması nəzərdə tutulur. Layihələrin həyata keçirilməsi nəticəsində 1000 ton quru meyvə, 1,2 min ton mürəbbə, 4 min ton cem və 2,4 min ton alma konsentratı istehsal ediləcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, SKMF müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə emalı müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulunu iyulun 20-də elan etmişdi. Təkliflərin qəbulu üçün müəyyənləşdirilmiş 20 sentyabr 2010-cu il tarixinədək sahibkarlıq subyektləri tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a 8 təklif (Aran iqtisadi rayonu üzrə 3, Gəncə-Qazax iqtisadi rayonu üzrə 1, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1 və Quba-Xaçmaz iqtisadi rayonu üzrə 3 təklif) daxil olmuşdu.

Elxan SALAHOV
# 757

Oxşar yazılar