"Toy musiqiçisiz olmadığı kimi, stadion da..."    - Ağasəlim Mircavadov
11 may 2022 19:15 (UTC +04:00)

"Toy musiqiçisiz olmadığı kimi, stadion da..." - Ağasəlim Mircavadov

“Samir Abasov əlindəki futbolçulara və oyunlarına görə ikinci yeri tutmağın uğur olduğunu deyir. Bu mənada onunla razıyam. Amma “Neftçi” tarixi klubdur, daim birinci yer uğrunda mübarizə aparmalı və avrokuboklarda oynamalıdır”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Ağasəlim Mircavadov hazırkı çalışdırıcı Samir Abasovun mövsümü ikinci pillədə tamamlamaqla ən yaxşı nəticəni göstərdiklərini söyləməsinə münasibət bildirərkən deyib.

Veteran mütəxəssis “ağ-qaralar”ın baş məşqçisinin azarkeşlərlə bağlı qalmaqallı açıqlamasına da reaksiya göstərib. O, azarkeşin futbolda böyük rol oynadığını vurğulayıb: “Futbol azarkeş üçündür. Bu, İngiltərədə belə yaranıb, bizi də bu cür öyrədiblər. Keçmiş SSRİ dönəmində “Neftçi”nin oyunu zamanı 36 minlik stadiona 40 min adam gəlirdi. Çünki “Neftçi”nin rəhbərliyi, məşqçi korpusu, futbolçuları başa düşürdülər ki, azarkeş üçün oynayırlar. Azarkeşi sevməli və onun qayğısına qalmalıyıq”.

Mircavadovun fikrincə, klubla azarkeş arasında qarşılıqlı hörmət olarsa, bu cür problemlər ortaya çıxmaz: “Komanda udar da, uduzar da. Ad bir nümunə göstərim. “Mançester Siti” Çempionlar Liqasında “Real”a məğlub oldu. Amma cəmi 3-4 gün sonra “Nyukasl”la Mançesterdəki Premyer Liqa matçında 60 minlik stadion tam dolmuşdu. Görüşdən sonra da hamı “Mançester Siti”ni ayaq üstə alqışladı. Həmin oyundakı 5:0 hesablı qələbəyə görə yox, qarşılıqlı sevgi, hörmət olduğu üçün. Toy musiqiçisiz olmadığı kimi, stadion da azarkeşsiz olmaz. Boş yerə demirlər ki, azarkeş 12-ci oyunçudur”.

AFFA Məşqçilər Komitəsinin üzvü Premyer Liqa oyunlarında yalnız yeniyetmə və gənc azarkeşlərin tribunalara toplaşmasını da düzgün hesab etmir: “İndi tribunalara baxırıq, ziyalı azarkeşləri görmürük. Bunun səbəbin mən bilirəm. Onlar oyunlara gəlsələr, cavanları da necə davranmaq lazım olduğunu öyrədərlər”.

Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XXVI turunda “Qəbələ” (0:1) ilə oyundan sonra onu istefaya səsləyən azarkeşləri həyatda mövqeyi olmayan insanlar adlandırıb.

# 1074
avatar

Oxşar yazılar