ETU-nun prezidenti: “Əvvəlki olimpiadalarda avropalılara qarşı hakim ədalətsizliyi olub” – MÜSAHİBƏ
29 oktyabr 2010 18:04 (UTC +04:00)

ETU-nun prezidenti: “Əvvəlki olimpiadalarda avropalılara qarşı hakim ədalətsizliyi olub” – MÜSAHİBƏ

Bakıda keçirilən Avropa Taekvondo Birliyinin (ETU) Baş Assambleyası başa çatdıqdan sonra qurumun prezidenti Atanasios Praqalos jurnalistlərin suallarını cavablandırıb. Lent.az həmin müsahibəni təqdim edir:

- Əvvəlcə ETU-nun Baş Assambleyası barədə məlumat verərdiniz...

- Bu, adi, sıradan toplantılardan biri idi. Burada xüsusi önəmli məsələ yox idi ki, qəbul edək. Baş Assambleyanı keçirməkdə əsas məqsədimiz yeni dəyişikliklərin qəbul edilməsindən ibarət idi. Demək olar ki, təklif olunan dəyişikliklər hamı tərəfindən bəyənildi və qəbul olundu. Bu, bir daha onu göstərdi ki, bizim birgə işimiz uğurlu alınır, heç bir problemimiz də yoxdur.

- Dəyişikliklər nədən ibarət idi?

- Yeni qaydalara əsasən, Ümumdünya Taekvondo Federasiyasının üzvləri ETU İcraiyyə Komitəsinə mexaniki üzv olmalıdırlar. Bu səbəbdən, İspaniya Taekvondo Federasiyasının prezidenti Xesus Kastelanos, Fransa Taekvondo Federasiyasının prezidenti Roje Piarulli və İsrail Taekvondo Federasiyasının prezidenti Mişel Madar ETU İcraiyyə Komitəsinə üzv qəbul edildilər.

- ETU-nun Azərbaycanla bağlı planları nədən ibarətdir?

- Azərbaycan Taekvondo Federasiyası ilə çoxdandır əməkdaşlıq edirik. Bu da Azərbaycanın taekvondoda həm aktiv ölkə olması, həm də təşkilatçılıq səviyyəsi baxımından şöhrət qazanması ilə əlaqədardır. Bu işlərə öz dəstəyini verən federasiyanızın prezidenti Kəmaləddin Heydərova xüsusi təşəkkürümü bildirirəm. Onun dəstəyi, köməkliyi ilə burada iclas keçirdik, belə yüksək səviyyədə təşkilatçılıq işləri görülüb.

- 30-31 oktyabrda Bakıda keçiriləcək Komandalararası Avropa Çempionatında ölkələr hansı sistemlə mübarizə aparacaqlar?

- Yarışda 11 kişi, 11 qadın komandası iştirak edəcək. Komandalar 3 qrupa bölünəcəklər. Bunların ikisində 4, birində isə 3 ölkə yer alacaq. Fikrimcə, Azərbaycanın da yüksək nəticələr göstərmək üçün böyük şansları var. Hər şey yaxşı olacaq.

- Əvvəlki olimpiadalarda Avropa ölkələrinin taekvondoçuları Asiya qitəsinə nəzərən, zəif təsir bağışladılar. Bunu nə ilə əlaqələndirərdiniz?

- Siz qeyd etdiniz, mən detallara toxunmaq istəməzdim. Əvvəlki olimpiadalarda hakim ədalətsizliyi də olub. Bir çox şeylər də olub. Bunun nəticəsində Avropa ən az medal qazanan ölkələr siyahısında yer alıb. Artıq 2012-ci il London Yay Olimpiya Oyunlarının elektron jiletlərlə keçirilməsinə qərar verilib. Məncə, bu zaman avropalıların götürəcəyi medalların sayı daha çox olacaq.

- Həmin avropalılar siyahısında azərbaycanlıları da görə biləcəyik?

- Əminəm ki, bu baş verəcək. Görəcəksiniz.

Elşən MƏMMƏDOV
# 516

Oxşar yazılar