Müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO Parlament Assambleyasının prezidenti cənab Hüqh Bayleyi qəbul edib. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Z.Həsənov qonağı salamlayaraq, bölgədəki hərbi-siyasi vəziyyət barədə ona ətraflı məlumat verib.
Müdafiə naziri son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artmasını xüsusi qeyd edərək, bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsinə diqqəti yönəldib.
Bakıda keçirilən NATO Parlament Assambleyasının “Rose-Roth” seminarında iştirak edən cənab H.Bayley öz növbəsində qəbul və onu maraqlandıran məsələlər barədə ətraflı məlumatlandırıldığı üçün müdafiə nazirinə təşəkkürünü bildirib, regiondakı sülhün bərqərar olması üçün səylərin daha da artırılmasının vacibliyini vurğulayıb.
Daha sonra görüşdə regional məsələlər, Azərbaycan-NATO ikitərəfli əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.