Üç yaşlı qız tapdığı tapança ilə  bacısını güllələdi
15 mart 2023 19:05 (UTC +04:00)

Üç yaşlı qız tapdığı tapança ilə bacısını güllələdi

ABŞ-ın Texas ştatından olan üç yaşlı qız valideynlərinin şənliyi zamanı təsadüfən dörd yaşlı bacısını güllələyib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, uşaq Hyustonda ölüb. Şerif Ed Qonsalesin sözlərinə görə, bir neçə dost və qohum mənzildə kiçik ziyafət təşkil ediblər. Böyüklərin hər biri digərinin onlara baxdığını düşündüyündən, nə vaxtsa yataq otağında uşaqlar özbaşına qalıblar. Tezliklə atəş səsi eşidilib.

Məlum olub ki, üç yaşlı qız otaqdakı əşyaların arasından dolu yarı avtomat tapança tapıb və oyun zamanı bacısını güllələyib. Otağa qaçan böyüklər uşağı yerdə huşsuz vəziyyətdə tapıblar. O, tezliklə ölüb.

Qonsales hadisəni faciəli, lakin “qarşısı tamamilə alına bilən hadisə” adlandırıb. Yüksək rütbəli polis zabiti həmçinin bildirib ki, çox güman ki, silahın təhlükəsizliyini təmin edə bilməyən sahibinə qarşı ittiham irəli sürüləcək.

 “Everytown Research & Policy” qeyri-kommersiya təşkilatının araşdırmasına istinadən verilən məlumata görə, 2015-2020-ci illər arasında ABŞ-da 18 yaşdan kiçik uşaqlar tərəfindən təsadüfən odlu silahdan istifadə edilən 2070 hadisə baş verib. Onlar 765 nəfəri öldürüb, 1366 nəfəri yaralayıb.


 

# 1674
avatar

Oxşar yazılar