Prezident Administrasiyasının təhlükəsizlik xidmətinin əməkdaşı tutuldu
30 iyul 2009 15:30 (UTC +04:00)

Prezident Administrasiyasının təhlükəsizlik xidmətinin əməkdaşı tutuldu

Ramin Hüseynov “CEN” MMC-nin rəhbərinin ifadəsi əsasında saxlanılıb

“GEN” MMC tikinti şirkətinin fəaliyyəti ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar Prezident Administrasiyasının əməkdaşı polis tərəfindən saxlanılıb.

Bu barədə APA-ya şirkətin fəaliyyəti nəticəsində zərər çəkmişlərin vəkili Vidadi İsgəndərov məlumat verib. Vəkilin sözlərinə görə, iş üzrə təqsirləndirilən şirkətin rəhbəri Elbrus Əliyev ötən məhkəmə prosesində ifadə verərək bir neçə yüksək vəzifəli məmura Prezident Administrasiyasının təhlükəsizlik xidmətinin əməkdaşı Ramin Hüseynovun vasitəsi ilə rüşvət verdiyini bildirib. Bununla əlaqədar R.Hüseynov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun dindirilməsi həyata keçirilir. V. İsgəndərov, R. Hüseynovun həbs ediləcəyini istisna etməyib.

Qeyd edək ki, “GEN” MMC-nin direktoru E. Əliyev və daha 17 nəfərin cinayət işi üzrə hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə keçirilir. Onlar vətəndaşların külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunurlar. Şirkətdən 373 nəfər zərərçəkmiş kimi tanınıb.
# 681

Oxşar yazılar