Yanacaqdoldurma məntəqələrinə basqın edən dəstə yaxalanıb
30 iyul 2009 11:15 (UTC +04:00)

Yanacaqdoldurma məntəqələrinə basqın edən dəstə yaxalanıb

4 nəfərdən ibarət dəstə külli miqdarda pul mənimsəyib

Azərbaycannın bir sıra regionlarında yanacaqdoldurma məntəqələrinə basqın edərək quldurluq etmiş mütəşəkkil dəstə zərərsizləşdirilib.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumata görə, BŞBPİ-nin Cinayət Axtarış İdarəsinin və Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıda və eləcədə ölkənin bir sıra regionlarında yanacaqdoldurma məntəqələrinə basqın edərək quldurluq yolu ilə külli miqdarda pul mənimsəyən 4 nəfərdən ibarət mütəşəkkil dəstə üzvləri tutulub. Bakı şəhər sakinləri olan dəstə üzvləri – 1981-ci il təvəllüdlü Mətləb Əjdər oğlu Babayev, 1984-cü il təvəllüdlü Eşqin Rafiq oğlu Məmmədov, 1984-cü il təvəllüdlü Fariz Novruz oğlu Quliyev və 1985-ci il təvəllüdlü İmamyar Vaqif oğlu Əliyarov 18 epizodda quldurluq, 2 epizodda isə oğurluq törətməkdə təqsirli bilinirlər. Mütəşəkkil dəstənin üzvləri Hacıqabul, Salyan, Kürdəmir, Bərdə, Yevlax və Bakı şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinə basqın edərək külli miqdarda pul mənimsədiyi bildirilir. Bundan başqa dəstə üzvlərinin bir neçə avtomobildən də oğurluq etmələri müəyyənləşib. Hazırda faktla bağlı BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 177.2-ci (özgənin əmlakını gizli yolla talama) və 181.2-ci (hədə qorxu yolu ilə pul tələb etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
# 575

Oxşar yazılar