FHN Şamaxı və Ağsuda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb
17 iyul 2009 14:30 (UTC +04:00)

FHN Şamaxı və Ağsuda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb

Şamaxıdakı quru otlaq və biçilmiş sahələrində başlayan yanğın bu gecə söndürülüb


Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 16-da Şamaxı və Ağsu rayonları ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-in İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya daxil olan məlumatda bildirilir ki, iyulun 16-da saat 05.40-da Şamaxı rayonunun quru otlaq və biçilmiş sahələrində yanğın baş verib.

Küləkli hava şəraiti yanğını Ağsu rayonu ərazisinə yayıb, bütövlükdə hər iki rayonun 1000 hektara yaxın quru otlaq və biçilmiş sahəsi yanğınla əhatə olunub. Güclü külək və relyefin mürəkkəbliyi nəzərə alınaraq, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 rayonunun yanğından mühafizə hissələrinin şəxsi heyəti və yanğınsöndürmə texnikası, Mülki Müdafiə qüvvələri, aviasiyası cəlb edilib. İyulun 17-ə keçən gecə saat 02.30-da yanğın tam söndürülüb.

Yaxın kəndlər, fermer təsərrüfatı obyektləri, meşə zolağı yanğından mühafizə olunub. İtki və xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir.
# 618

Oxşar yazılar