Dövlətə xəyanətdə suçlanan məhkuma sertifikat verildi
12 iyun 2010 15:00 (UTC +04:00)

Dövlətə xəyanətdə suçlanan məhkuma sertifikat verildi

Bu gün Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində (CM) məhkumların əl işlərindən ibarət sərgi tədbiri çərçivəsində cəza çəkən məhkumların bir qisminə sertifikat təqdim olunub. Lent.az-ın məlumatına görə, sertifikatlar 15 saylı CM-də təşkil olunmuş kompüter kurslarını uğurla bitirənlərə verilib.

Kompüter kurslarını uğurla bitirənlərdən biri isə məşhur məhkum Səid Dadaşbəyli olub. Tədbir çərçivəsində ona da sertifikat təqdim edilib.

Xatırladaq ki, S.Dadaşbəyli 15 nəfərlik dəstəyə başçılıq etməklə, dövlət çevrilişi, islam dövləti yaratmağa cəhd, İran xüsusi xidmətləri ilə əməkdaşlıqda və başqa cinayətlərdə ittiham edilib.

Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28, 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və ya qiymətli kağızlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə təqsirləndirilən S.Dadaşbəyli və daha 15 nəfər 2007-ci ilin yanvarında MTN-in keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

2007-ci ilin dekabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Səidin dəstəsi” kimi tanınan dəstə üzvlərinə hökm oxunub. S.Dadaşbəyli əmlakı müsadirə olunmaqla və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Pərvin ABBASOV
# 244

Oxşar yazılar