“Su altında qalan evlər bərpa olunmayacaq”
10 iyun 2010 14:45 (UTC +04:00)

“Su altında qalan evlər bərpa olunmayacaq”

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılan hökumət komissiyası üzvlərinin iştirakı ilə Sabirabadda keçirilən müşavirədə alt komissiyalar yaradılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, bu barədə jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Nazirin sözlərinə görə, qərara əsasən, operativ şəkildə fəaliyyət göstərəcək alt komissiyalar bunlardır: nəqliyyat, rabitə, meliorasiya, energetika, su təsərrüfatı, fövqəladə hallar. K. Heydərov deyib ki, alt komissiyalara əhalinin evlərinin yenidən bərpası, dəymiş zərərin ödənilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Yaradılan alt komissiyalara qısa müddətdə - 3 gün ərzində görülən işlər barədə hökumət komissiyasına məlumat verməsi tapşırılıb: “İndiyə qədər görülmüş işlər davam etdiriləcək. Güman edirik ki, qısa müddət ərzində həm bənd bərkitmə, həm içməli su təchizatı, həm suvarma sularının suvarılan torpaqlara çatdırılması, həm də enerjinin bərpası, qaz sahəsi ilə bağlı yaradılan alt komissiyalar işə başlayacaqlar”.

Nazir deyib ki, bəndlərin arasında tikilmiş və su altında qalan evlər bərpa olunmayacaq: “Həmin evlərin əvəzində təhlükəsiz yerdə evlər tikiləcək. Təhlükəsiz yerlərdə kəndlər və qəsəbələr salınacaq. Yəqin, bunun həyata keçirilməsi uzun müddət tələb edəcək. Gələcəkdə Kür, Araz sahilləri boyunca, bəndlər arasında tikilən binalar, evlər də təhlükəsiz yerlərə köçürüləcək. Təbiət bu il bu cür şıltaqlıq etdi, gələn il başqa cür edə bilər. Heç kim təminat verə bilməz ki, sabah həmin evlər suyun altında qalmayacaq.

Havaların yaxşı keçməsi ilə bağlı təcili qərarların qəbul olunması ilə bağlı fəaliyyət istiqaməti götürülüb. Hansı kəndlər üçün təhlükə yoxdur, orada çiy kərpicdən olan evlər söküləcək, daha möhkəm evlər tikiləcək. Daşdan tikilən evlərin də təhlükəsizliyi yoxlanacaq. Elə bir təhlükəsi yoxdursa, onlar təmir olunacaq və əhali evlərinə qayıdacaq”.

K. Heydərovun sözlərinə görə, müşavirədə yaradılan bəzi komissiyalara su basma təhlükəsi olmayan kəndlərin bərpasına başlanması barədə vaxt verilib: “Təhlükə olan ərazilərlə bağlı kənd ağsaqqallarının razılığı ilə yerlər seçiləcək. Qısa müddət ərzində evlər tikiləcək və əhali ora köçürüləcək”.

Nazir jurnalistlərin suallarına cavab olaraq onu da deyib ki, ölkə prezidentin sərəncamına müvafiq olaraq proqram hazırlanır, Kür və Araz sahillərində hidrotexniki qurğuların tikilməsi nəzərdə tutulur.

Qeyd edək ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılan hökumət komissiyası üzvlərinin iştirakı ilə bu gün Sabirabadda müşavirə keçirilib. Müşavirə təbii fəlakətlə bağlı yaradılan operativ qərargahda baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə baş tutub. Müşavirədə hökumət komissiyasının üzvləri – fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin prezidenti Əhməd Əhmədzadə, nazir müavinləri, Kür və Araz sahillərində yerləşən rayonların icra strukturlarının rəhbərləri iştirak ediblər.
# 513

Oxşar yazılar